Bank Of Baku

“Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr" mövzusunda beynəlxalq konfrans keçirilib

“Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr" mövzusunda beynəlxalq konfrans keçirilib
# 19 noyabr 2026 15:24 (UTC +04:00)

Bu gün Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) birgə təşkilatçılığı ilə “Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələr: reallıqlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA xəbər verir ki, konfransın əsas xarici qonaqları sırasında İraqda yaşayan türkmanları təmsil edən elm və ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, eləcə də “Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurası”nın üzvləri, Milli Məclisinin deputatları və yerli ekspertlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan BMTMM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev müasir dövrdə Azərbaycan və İraq türkmanları arasında ictimai-mədəni əlaqələrin inkişaf mərhələlərindən bəhs edib. O, İraq türkmanlarının ortaq tarix, dil və mədəni bağlarına əsasən Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirilməli olduğunu diqqətə çatdırıb.

“Koordinasiya Şurası”nın sədri, Bağdad Universitetinin professoru, səfir Mahmud Xəlil Cəfər Azərbaycan və İraq türkmanları arasında ictimai əlaqələrin inkişafında ortaq dil amilinin əhəmiyyətinə, eləcə də İraqda türkman dilinin qarşılaşdığı problemlərə toxunub.

ABİA İdarə Heyətinin sədri Elçin Əsgərov isə İraq türkmanları ilə həyata keçirilən birgə təşəbbüslər, bu təşəbbüslərin nəticələri və gələcək fəaliyyət planları barədə ətraflı məlumat verib.

Tədbirin əsas spikeri qismində çıxış edən Azərbaycan Respublikası xarici işlər nazirinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov İraq türkmanlarının tarixi baxımdan Azərbaycan mədəniyyət coğrafiyasının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O, İraq türkmanlarının Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar kimi tarixi dövlətlərin formalaşmasında mühüm rol oynayan tarixi-mədəni irsin daşıyıcıları olduğunu qeyd edib. Eyni zamanda, onların bu gün də Azərbaycan xalqının mədəni kimliyinin bir parçası və mənəvi qardaşı olaraq qaldığını diqqətə çatdıraraq, gələcəkdə Azərbaycan-İraq türkmanları münasibətlərinin də məhz bu ortaq tarixi və mədəni bağlılıq əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tematik mövzular üzrə davam etdirilən müzakirələrdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Cavid Vəliyev Azərbaycan-İraq türkmanları münasibətlərində vətəndaş cəmiyyəti institutlarının rolundan bəhs edib.

Konfransın ikinci hissəsində İraqın Təl-Afər şəhərinin meri Xəlil Habiş “Azərbaycan və İraq türkmanları: ortaq tarix və taledən qardaşlaşmış şəhərlərədək”, AMEA Şərqşünaslıq İnstitutu direktorunun müavini Dr. Elnur Mustafayev “Milli kimlik, dil və tarixi varislik: qloballaşma və çağırışlar”, İraq Gənclər və İdman Nazirliyi baş direktorunun müavini Dr. Muhəmməd Macul Şəkur Əl-Bayati isə “Azərbaycan və İraq türkmanları arasında gənclər siyasəti və ictimai əməkdaşlıq imkanları” mövzularında çıxış ediblər.

Bununla yanaşı, panellər çərçivəsində keçirilən müzakirələrdə İraq parlamentinin IV çağırış deputatı, Ninəva regionu Bələdiyyə Komitəsinin sədri Leylal Muhəmməd Əli Yunis, “İraq Türkman Cəbhəsi”nin bölgə sədri Qasim Muhəmməd əl-Bayati və digər iştirakçılar çıxış etdilər.

Çıxışlar zamanı Azərbaycan ilə İraq türkmanları arasında münasibətlər müxtəlif aspektlərdən təhlil olundu, əməkdaşlığın genişləndirilməsi, ortaq təşəbbüslərin inkişafı və perspektivlərlə bağlı bir sıra təkliflər səsləndirildi.

Tədbir çərçivəsində bir neçə mühüm nəşr və rəqəmsal layihənin təqdimatı da keçirildi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR