İmzalanan bəyannamə ölkələrimiz arasında investisiya, ticarət, logistika, iqtisadiyyat, media, kənd təsərrüfatı, nəqliyyat, mədəniyyət, təhsil və digər bir çox sahələrdə qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlər açdı.
APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstan səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.
O, Prezident Kasım-Jomart Tokayevin Azərərbaycana səfəri zamanı iki ölkə arasında bəyannamə ilə yanaşı, 20-dən çox sənəd imzalandığını da qeyd edib:
“İqtisadi sahədə əməkdaşlığa gəlincə isə, bizim qarşımıza qoyduğumuz hədəf ölkələrarası ticarət dövriyyəsini yaxın gələcəkdə 1 milyard dollara çatdırmaqdır. Görüş zamanı qarşılıqlı şəkildə məhsul çatdırılması və xidmətlərin göstərilməsini genişləndirmək üçün məhsuldar dialoqlar aparıldı, əməkdaşlıq üçün yeni istiqamətlərin tapılması yolları müzakirə edildi. Hal-hazırda biz əməkdaşlıq üçün yeni layihə üzərində çalışırıq. Ticarət evlərinin fəaliyyətinə, Dövlətlərarası Komissiyanın həyata keçirdiyi işlərə, həmçinin İşbirliyi Şurasının yaradılmasına böyük ümidlər bəsləyirik. Qeyd edim ki, bu Şuranın ilk iclası avqust ayında baş tutan səfər zamanı keçirildi. Biz tərəfdən 24, Azərbaycandan isə 35 şirkət iştirak etmişdi. Görüş zamanı həmçinin Transxəzər dəhlizinin ötürmə həcminin artırılması, Xəzər dənizinin dibi ilə fiber-optik xəttin çəkilməsi (Rəqəmsal İpək Yolu) və Qazaxıstan neftinin ixracının diversifikasiyası məsələləri müzakirə edilib. Bu layihələr bizim hazırkı əməkdaşlığımızın əsas dayaq nöqtələrindən sayıla bilər. Onlar əlbəttə ki, təkcə bizim ölkələrimiz üçün yox, həmçinin region ölkələri üçün böyük əhəmiyyətə malikdir".
Səfir liderlərin görüşü zamanı ölkələrimiz arasında humanitar-mədəni sahələrdəki əməkdaşlığa da xüsusi diqqət ayrıldığını qeyd edib:
“Xalqlarımızın daha da yaxınlaşması üçün bir sıra qərarlar qəbul edilib. Türküstan və Şuşa, Uralsk və Mingəçevir şəhərləri qardaşlaşmış şəhərlər elan olundu ki, bu da bizim əlaqələrimizin inkişafı üçün böyük addımlardandır. Astana şəhərinin mərkəzi prospektlərindən birinə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı verilməsi barədə qərar qəbul edildi və bu istiqamətdə müvafiq işlər görülür. Dövlət başçılarının iştirakı ilə Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdimatı da əlamətdar hadisələrdəndir və bu mərkəzin gələn ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulub. Bu layihə qardaş Qazaxıstan xalqı adından Azərbaycan xalqına hədiyyə olunacaq. 15 noyabr 2022-ci il tarixində Azərbaycanın Sumqayıt şəhərində türkoloq-alim Əhmət Baytursınulının adını daşıyacaq küçənin rəsmi açılış mərasiminin təşkilatına görə Azərbaycan rəhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk. Azərbaycan və Qazaxıstan arasında münasibətlərin dərinləşməsində diaspor fəaliyyəti də xüsusi rola malikdir. Hər iki xalqın nümayəndələri bu və digər ölkədə yüksək vəzifələrdə yer alır və bu da ölkələrin siyasi-iqtisadi həyatına töhfəsini verir”, o əlavə edib.