Bakıda Slovakiya-Azərbaycan birgə poçt markasının təqdimatı keçirilib.
APA xəbər verir ki, tədbirdə Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak, Azərbaycanın Slovakiyada yeni təyin olunan səfiri Vüsal Abdullayev, "Azərpoçt"un marka şöbəsinin direktoru Sitarə Hüseynova iştirak edib.
Səfir Layçak bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb.
"Bu il biz Slovakiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bakıdakı mədəni fəaliyyətimizin bir hissəsi olaraq biz bu yubileyi nadir mədəni hadisə ilə - Slovakiya-Azərbaycan birgə poçt markasının buraxılışı ilə qeyd etməyi qərarına gəldik. Markada Slovakiyanın terxovka və Azərbaycanın kamança ənənəvi musiqi alətləri əks olunub. Hər ikisi UNESCO-nun mədəni irs siyahısına daxildir. UNESCO haqqında danışarkən qeyd etmək istərdim ki, biz bu həftə Slovakiyada UNESCO ailəsinə daxil olan mühüm slovak mədəniyyət obyektlərinin - Banska Ştiavnitsa, Vlkolinec və Şpiş qəsrinin siyahıya salınmasının 30 illiyini qeyd edirik", - diplomat bildirib.
Slovakiya səfiri qeyd edib ki, milli musiqi alətinin UNESCO siyahısına daxil edilməsi tarixi hadisədir:
"1993-cü ilə nəzər salsaq, bu, Slovakiyanın müstəqil demokratik dövlət kimi təşkilatda fəaliyyətinin ilk ilində UNESCO-da əldə etdiyi ən mühüm nailiyyətlərdən biri idi. Slovakiyanın UNESCO-da iştirak etdiyi 30 il ərzində bu 3 abidədən əlavə, daha 5 abidə Ümumdünya İrs Siyahısına daxil edilib ki, bununla da biz fəxr edirik"..
O qeyd edib ki, Slovakiya hər il orta hesabla bir ümumi marka buraxır.
“Emissiya planı 3 il müddətinə hazırlanır. Slovakiyanın Bakıdakı səfirliyi 2020-ci ildə birgə poçt markasının buraxılmasını planlaşdırmağa başlayıb. Niyə biz bu müştərək poçt markasını bu gün təqdim etmək qərarına gəldik? Terxovka musiqisi və alətləri 2013-cü il dekabrın 5-də, yəni düz 10 il əvvəl bu gün UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Və nəhayət, 2017-ci il dekabrın 7-də Azərbaycan musiqi aləti kamança UNESCO-nun mədəni irs siyahısına daxil edilib", - səfir əlavə edib.
Diplomat nitqinin sonunda poçt markasının ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığını bildirib.
Təqdimat mərasiminin sonunda iştirakçılar poçt markasını təqdim edib və ilk zərflər imzalanıb.