“Azərbaycana hökuməti münaqişədən sonra bəyan etdi ki, insanların təhlükəsiz şəraitdə Qarabağa qayıtmasını təmin etməliyik. Əgər qadınlar danışıqlar masası arxasında əyləşərsə, daha yaxşı həll yolları tapıla bilər”.
APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyeva bildirib.
Vladanka Andreyeva deyib ki, BMT bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcək: “Çalışacağıq ki, qadınlar danışıqlar masası arxasında layişli yerini tutsun”.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi gender məsələsinin BMT-Azərbaycan əməkdaşlığında mühüm yer tutduğunu vurğulayıb: “Çox tarixi bir anda, dövrdəyik. Biz verdiyimiz vədləri necə əmələ çevirə bilərik? Qadınlar nəinki danışıqlar masası arxasında əyləşməli, postmünaqişə dövründə bərpa işlərində aktiv iştirak etməlidirlər”.