Bosniya və Herseqovinada 7581 şəxs itkin düşüb.
APA xəbər verir ki, bunu Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutunun İdarə Heyətinin sədri Marko Yurişiç “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"İtkin düşmüş şəxslərin problemini həll etmədən demokratik cəmiyyət qurmaq mümkün deyil. Biz bu işdə beynəlxalq təkilatlarla, kommisiyalarla çalışırıq", - Marko Yurişiç deyib.
O bildirib ki, Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutu şəxslərin tapılmasında qlobal lider mövqeyindədir: "2550 itkin düşmüş şəxsin identifikasiyasında əldə etdiyimiz nəticənin digər ölkələrdə də nail olması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Bosniya və Herseqovinada 1992-ci ilin aprelində münaqişə başlayıb. Münaqişə tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 3 ildən artıq davam edən müharibədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatlarına görə, 312 min nəfər həlak olub, 2 milyondan çox insan didərgin düşüb.
Müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı soyqırımı, etnik təmizləmə və kütləvi qırğınlar törədilib.
Serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirməsi tarixə “Srebrenitsa soyqırımı” kimi düşüb.