"Azərbaycan minatəmizləmə sahəsində fenomenal nəticələr əldə edib".
APA xəbər verir ki, bunu Bosniya və Hersoqovinanın Minatəmizləmə Mərkəzinin sədri Enis Horozoviç jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycanın Bosniya və Herseqovinanın dost ölkəsi olduğunu qeyd etmək istəyirəm. Bosniya və Herseqovina 1992-ci ildən 1995-ci ilə qədər müharibə yaşayıb. Təəssüf ki, müharibədən sonra ölkəmiz son dərəcə çox minalanmış vəziyyətdə qaldı. Mən sizə demək istəyirəm ki, bu gün keçirdiyiniz tədbirdən və göstərdiyiniz səylərdən son dərəcə məmnunam. Biz, həmçinin, Bosniya və Herseqovinada minalarla çirklənmiş ərazilərin təxminən 80 faizini təmizləmişik. Bu sahədə böyük təcrübəmiz var. Bizim qeyri-hökumət təşkilatlarımız, eləcə də Bosniya və Herseqovinada Mina Aksiyasının İdarə Edilməsi Mərkəzimiz bu təcrübəni minalardan əziyyət çəkən bütün ölkələrlə bölüşməyə hazırdır”, - Minatəmizləmə Mərkəzinin sədri bildirib.
O, Azərbaycanın minatəmizləmə sahəsində fenomenal nəticələr əldə etdiyini vurğulayıb:
“Bosniya və Herseqovina son 30 il ərzində bu istiqamətdə çox iş görüb. Biz Azərbaycanla bir neçə dəfə əlaqələr saxlamışıq və azərbaycanlı həmkarlarımız ölkəmizə səfərlər ediblər. Hətta bir dəfə məhz Azərbaycandan olan bir çəkiliş qrupu Bosniya və Herseqovinaya gələrək bizim ölkəmizi minalardan necə təmizlədiyimiz və bu prosesdə necə uğur qazandığımız barədə film çəkib. Öz təcrübəmizə gəldikdə, onu Azərbaycanla bölüşməyə hazırıq. Eyni zamanda, Azərbaycanın minatəmizləmə sahəsində əldə etdiyi təcrübəni də öyrənmək istərdik. Çünki Azərbaycanın bu sahədə əldə etdiyi nəticələr, həqiqətən də, olduqca təsiredicidir”.