Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir. Bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
“Azərbaycan minatəmizləmənin sürətini, təhlükəsizliyini və səmərəliliyini artırmaq üçün qabaqcıl texnologiyalar, innovativ yanaşmaları və müasir idarəetmə sistemləri tətbiq edir.
Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş milli prioritetlərlə birbaşa bağlıdır. Bu fəaliyyət yenidənqurmanı, təhlükəsiz qayıdışı, kənd təsərrüfatının dirçəldilməsini, infrastrukturun inkişafını, ətraf mühitin qorunmasını, sosial reinteqrasiyanı və iqtisadi bərpanı dəstəkləyir. Bu, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in, xüsusilə də azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı prioritetin həyata keçirilməsinə töhfə verir”, - dövlət başçısı vurğulayıb.