Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, ölkə rəhbərliyinin müvafiq tapşırıq və qərarlarından irəli gələrək, 2021-ci il ərzində xarici ölkələrdən Azərbaycan Respublikası vətəndaşlarının təxliyəsi prosesinin təşkili, ölkəmizə giriş-çıxışla bağlı vətəndaşlarımızın qarşılaşdıqları çətinliklərin müəyyən edilməsi və bu sahədə daxil olmuş müraciətlərə baxılması üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Operativ Qərargah Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx əməkdaşlıq şəraitində öz fəaliyyətini uğurla davam etdirib.
APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında əksini tapıb.
Bildirilib ki, il ərzində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində həyata keçirilən vətəndaş qəbulu zamanı yuxarıda sözügedən məqsədlərlə 80 mindən çox müraciəti qəbul edilib, sözügedən sahəni tənzimləyən qanunvericiliyə müvafiq olaraq həmin şəxslərin müraciətlərinə baxılıb, gündəlik əsasda xüsusi yaradılmış qaynar xətlərə daxil olan çoxsaylı zənglər cavablandırılıb, mümkün konsulluq və hüquqi yardım edilib, ölkəyə giriş-çıxışla bağlı zəruri informasiya verilib və müvafiq sənədlər sonrakı baxılma üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib: “Həmçinin, Rusiya Federasiyasının Dağıstan Respublikasından vətəndaşlarımızın yerüstü sərhəd-keçid buraxılış məntəqəsi üzərindən (Yaraq Qazmalar-Samur) 2020-ci il aprel ayından başlayaraq mütəmadi əsasda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən müəyyən olunmuş prosedura uyğun ölkəmizə təxliyəsi cari ildə də həyata keçirilib. (2021-ci il ərzində 4217 nəfərin sərhəd keçidi təmin edilib)”.