Görüşümüzdə parlamentlərarası əməkdaşlığın vacibliyi qeyd olunub. İki ölkə arasında ATƏT, BMT, “Şərq tərəfdaşlığı” və GUAM-da uğurlu əməkdaşlıq var.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Azərbaycan və Moldova beynəlxalq prinsiplərə hörmət edir: “Hər iki ölkə ərazi bütövlüyü, suverenlik, ərazilərin beynəlxalq sərhədlər çərçivəsində tanınması prinsiplərini dəstəkləyir. Biz ölkələrimizin mövqelərini yaxşı anlamaq üçün siyasi məsləhətləşmələrin mütəmadi keçirilməsi barədə razılığa gəldik. Humanitar sahədə əməkdaşlığı genişləndirməliyik”.
Ceyhun Bayramov qeyd edib ki, moldovalı həmkarı ilə görüşdə regional təhlükəsizlik məsələləri geniş müzakirə edilib: “44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar və postmünaqişə dövründə Azərbaycanın prioritetləri barədə həmkarımı məlumatlandırdım. Ölkəmiz üçün prioritet azad olunmuş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin geri qayıtmasıdır. Mən yenidənqurma işləri barədə də həmkarıma məlumat verdim”.
XİN başçısı diqqətə çatdırıb ki, Azərbaycan tərəfi üçtərəfli bəyanatlarla bağlı öhdəliklərinə sadiqdir.