Türkiyə Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsidir və burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında maraqlıdır.
APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.
“Azərbaycan hər zaman postmünaqişə normallaşması istiqamətində addımların atılması üçün öz açıq niyyətini ortaya qoyub və bizim üçün hər zaman prosesin həyata keçirilməsi önəmli olub. Biz hər zaman Ermənistana dəfələrlə qarşılıqlı olaraq ikitərəfli əsasda danışıqların aparılması və yaxud da ki, qərəzsiz üçüncü ölkələrin iştirakı ilə prosesə qatılmağa hazır olduğumuzu qeyd etmişik. Türkiyənin roluna gəldikdə isə, Türkiyə bölgənin ən önəmli ölkələrindən biridir, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə olmaqla yanaşı Ermənistanın qonşusudur və prosesə bilavasitə aidiyyəti olmayan, çoxsaylı təşəbbüslər irəli sürən bəzi üçüncü ölkələrdən fərqli olaraq bilavasitə region ölkəsi olaraq burada dayanıqlı sülhün, inkişafın, iqtisadi əməkdaşlığın bərpa olunmasında hamıdan çox maraqlıdır. Zatən Azərbaycan masada varsa, Türkiyə də masada var. Eyni praqmatk düşüncə ilə Ermənistan tərəfi də hərəkət etsə, Türkiyənin masada olması Ermənistanın özü üçün də əlverişli olardı”.