Bank Of Baku

Deputat: Azərbaycan Prezidenti TDT Zirvə görüşündə Qərbi azərbaycanlılarla bağlı Ermənistana və dünyaya mühüm mesaj verdi

Vüqar İskəndərov, Milli Məclisin deputatı

© APA | Vüqar İskəndərov, Milli Məclisin deputatı

# 16 mart 2023 19:08 (UTC +04:00)

“2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində tarixi zəfər əldə edən Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Həmin vaxt müharibədən qalib ayrılan ölkəmiz postmüharibə dövründə də inamlı addımlar atmaqda, uğurlar qazanmaqdadır. Elə Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün atılan mühüm addımlar da bu sıradadır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bir qrup üzvü ilə görüşündə bu məsələnin üzərində xüsusi olaraq dayandı: “Məlumat üçün qeyd edim ki, həmin görüşdəki çıxışında Prezident İlham Əliyev xalqımızın uzun illər üzləşdiyi faciələri xatırlatmaqla yanaşı, müasir şəraitdə qarşıda duran vəzifələrə də toxundu. Məhz bu baxımdan, qeyd edə bilərik ki, hazırda yaranmış yeni reallıqlar kontekstində xalqımızın qarşısında duran ən mühüm strateji vəzifələrdən biri tarixi torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaqdır. Bundan sonra qısa zaman ərzində görülən iş isə təqdirəlayiqdir”.

Vüqar İskəndərovun sözlərinə görə, bu işlər bütün sahələrdə aparılır: “Eyni zamanda, dövlət başçımız beynəlxalq tədbirlər çərçivəsində də bu məsələni qaldırır. Elə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə də bu məsələdən bəhs edilib. Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Ermənistanın Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməli olduğunu bəyan etməklə dünyaya da mühüm mesaj verdi. Prezident tədbirdəki çıxışında deyib ki, tarixi torpağımız olan Qərbi Zəngəzurun 1920-ci ilin noyabr ayında sovet hökumətinin qərarı ilə Azərbaycandan ayrılıb Ermənistana verilməsi Türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olub. 1991-ci ilə qədər bütün azərbaycanlılar indiki Ermənistan ərazisindən zorla qovulub. Ermənistan Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycanda da mədəni irsimizi, məscidləri, tarixi abidələrimizi dağıdıb. Azərbaycan ictimaiyyəti dəfələrlə UNESCO-ya indiki Ermənistanda Azərbaycan xalqının mədəni irsinin monitorinq edilməsi məqsədilə bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi xahişi ilə müraciət edib və UNESCO-dan müsbət cavab gözləyir.

Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan İcmasında birləşiblər. Onlar tarixi torpaqlara sülh yolu ilə qayıdışı qarşılarına məqsəd qoyublar. Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasına əsasən, indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş azərbaycanlıların öz yurdlarına qayıdışı üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma əldə edilməlidir”.

Deputat qeyd edib ki, həm Ermənistan, həm də dünya birliyi bu məsələyə susqun yanaşmaya son qoymalıdır: “Dövlət başçısının da bəyan etdiyi kimi, biz Azərbaycan dövləti olaraq Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyini təmin edəcəyimiz kimi, Ermənistan da qarşılılıq prinsipi əsasında Qərbi azərbaycanlıların hüquq və təhlükəsizliyini təmin etməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR