“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı çağdaş tariximizin ən şanlı səhifələrindəndir”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, bu günlərdə 50 milyonluq Azərbaycan xalqının gözü Qarabağda, ürəyi isə Şuşada idi: “Dünya azərbaycanlılarının V Qurultayının 30 illik işğaldan sonra Qarabağda, Azərbaycanın və Türk Dünyasının mədəniyyət paytaxtı Şuşada təşkil olunması dünya erməniliyinə və faşizminə vurulan növbəti sarsıdıcı zərbə idi. Zəfər Qurultayının çox böyük ictimai-siyasi, mənəvi əhəmiyyəti var. Prezidentin Zəfər Qurultayında çıxışı dünya azərbaycanlılarının gələcək fəaliyyətinin yol xəritəsi oldu. Beləliklə, məhz Şuşada dünya azərbaycanlılarının revanşist erməni siyasətçilərinə və onları dəstəkləyən dünya güclərinə qarşı mübarizəsi və postmüharibə dövrünün yeni yol xəritəsi müzakirə olundu və qəbul edildi. Dövlət başçısı hər zaman olduğu kimi bir daha xalqımıza, eləcə də qardaş Türkiyəyə qarşı əsassız torpaq iddiasında olan və tarixən düşmənçilik mövqeyində olan erməni faşizmini tarixi dəlillərlə ifşa edərək, qurultay iştirakçılarına çox qiymətli tövsiyə və məsləhətlərini çatdırdı”.
M. İbrahimqızı qeyd edib ki, Zəfər Qurultayı siyasi cəhətdən nə qədər əhəmiyyətlidirsə, Azərbaycan tarixində həm də mühüm rəmzi məna daşıması ilə də mühüm hadisədir: “Dünya Azərbaycanlılarının Zəfər Qurultayı həm də Ulu Öndər Heydər Əliyevin ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli, müdrik siyasətinin nəticəsidir. Zəfər Qurultayının Şuşada baş tutması harada yaşamasından asılı olmayaraq xalqımızın birliyinin, həmrəyliyinin və öz liderinə olan sarsılmaz inamının ifadəsidir. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun 30 il işğal altında olan tarixi torpaqlarımızı azad etməsi, möhtəşəm Zəfər dünyanın harasında yaşamasından asılı olmayaraq, soydaşlarımızın başını uca etdi. Bu gün onların hər biri tarixi vətəni olan Azərbaycanla fəxr edirlər”.
Deputat vurğulayıb ki, bundan sonra da dünya azərbaycanlıları yaşadıqları ölkələrdə haqq işimizin bu ölkələrin ictimaiyyətinə çatdırılmasına, diaspor fəaliyyətinin həyata keçirilməsinə öz töhfələrini verməlidir: “Zəfər Qurultayında Prezident diaspor təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirdi, 44 günlük Vətən müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor təşkilatlarının da mühüm rol oynadığını vurğuladı. Postmüharibə dövrü isə diaspor təşkilatlarının və xaricdə yaşayan gənc azərbaycanlıların qarşısında yeni vəzifələr qoyur. Diasporumuz işğaldan azad edilən ərazilərdə sürətli bərpa-quruculuq işləri aparan Azərbaycanla bağlı gerçəkliklərin yaşadıqları ölkələrdə cəmiyyətə çatdırılmasın istiqamətində böyük potensiala malikdir. Eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan nüfuzlu azərbaycanlı iş adamları da bərpa-quruculuq işlərinə mühüm töhfələr verə bilərlər”.
M. İbrahimqızı Şuşada keçirilən Zəfər Qurultayı ilə dünya azərbaycanlılarının yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.