İqtisadi-ticari sahə ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətidir.
APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışında bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycan Birlik çərçivəsində iqtisadi əməkdaşlıqda fəal iştirak edir: “Keçən il Azərbaycanın Birlik ölkələri ilə əmtəə dövriyyəsinin həcmi təqribən 30 faiz artıb. Cari ilin 10 ayının yekunlarına görə daha 17 faizlik artım qeydə alınıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin prioritet layihələr olacağı nəqliyyat-tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb. Azərbaycan MDB üzrə bir çox tərəfdaşlarımızın fəal istifadə etdikləri nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsini davam etdirir. Biz, həmçinin yuxarıda göstərilən dəhlizlərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün Birlik çərçivəsində sıx qarşılıqlı fəaliyyət göstəririk”.