Fərid Şəfiyev Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə münasibət bildirib

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 14 yanvar 2022 12:33 (UTC +04:00)

“Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Türkiyə-Ermənistan münasibətləri ilə paralel Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşarsa, bu, bizim üçün faydalı olar”.

APA-nın məlumatına görə, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

“Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin paralel normallaşması yaxşı olar”, - o vurğulayıb.

F. Şəfiyev deyib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya, xüsusən Zəngəzur dəhlizi məsələsində proqres olsa, bu fonda Türkiyə-Ermənistan sərhədləri açılsa, bu, Azərbaycana faydalı olar: “Biz hər hansı iqtisadi məsələdən başlasaq, tutaq ki, dəhliz açılsa, münasibətlərin normallaşması bu formada başlasa, daha yaxşı olar. Belə layihələr Ermənistanda revanşist meyllərin azalmasına da səbəb ola bilər”.

Keçmişdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində cəhdlər olan zamani ilk növbədə İrəvandakı İran, Rusiya və Yunanıstan səfirlərinin təlaşa düşdüyünə diqqət çəkən BMTM sədri belə xarici güclərin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı olmadığını vurğulayıb.

O, “3+3” formatına da münasibət bildirib və əlavə edib ki, Gürcüstan bu formatda iştirak etmir: "Bu da başadüşüləndir. Bu format ona görə yaradılıb ki, heç kəs kənarda qalmasın. Mən özüm də 2 gün sonra Gürcüstana səfər edəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR