“Biz bilirik ki, növbəti dəfə iqlim konfransına ev sahibliyi etmək növbəsi Şərqi Avropa regionundadır və şadıq ki, növbəti il Azərbaycan bu konfransa ev sahibliyi edəcək. Mən Azərbaycanın gözəl bir ölkə olduğunu eşitmişəm”.
APA xəbər verir ki, bunu Ficinin İndoneziyadakı səfiri, həm də iqlim və ekologiya məsələləri üzrə nümayəndə Amenatave Vakasavuwaqa Yauvoli deyib.
O, ölkəsinin - 1.5°C hədlə bağlı, dünyaya mesajlarını çatdıra biləcəklərini əlavə edib:
“Beləliklə, kiçik və inkişaf etməkdə olan ada dövləti Fici olaraq ümid edirik ki, Azərbaycanda keçiriləcək COP29 vasitəsilə də bu mesajımız yayılacaq. Bu gün isə biz burda qalıq yanacaqdan mərhələli şəkildə imtina barədə müzakirələr apardıq, bu, bizim üçün çox vacibdir. İnanıram ki, bərpaolunan enerjidən istifadənin daha da artırılması kimi prioritetlərimiz COP29-in yekun sənədində öz əksini tapacaq, həmçinin, Paris Razılaşmasının 9-cu maddəsində də əks olunan inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinə adaptasiya prosesinin yüngülləşdirilməsinə yardım üçün maliyyə mexanizmlərinin yaradılması müzakirə ediləcək”.
O bildirib ki, ölkələr öncə Paris Razılaşmasına sadiqlik nümayiş etdirməlidirlər.
“Çünki iqlim dəyişikliyi qlobal problemdir və qlobal həll yolu tələb edir. Biz bunun öhdəsindən təkbaşına gələ bilmirik artıq. Bu problemi biz yaratmamışıq, bunu digər ölkələr yaradıb və nəticə etibarı ilə bu ölkələr masaya oturmalı və müzakirə etməliyik ki, biz bu problemin öhdəsindən gəlmək üçün necə irəliləyə bilərik. Bu, bizim strateji prioritetimizdir. Bizim qalıq yanacaqdan mərhələli şəkildə uzaqlaşmaqla bağlı təşəbbüsümüzə dəstəyin səfərbər olması üçün bunu təşviqimiz davam edəcək. Çünki biz hesab edirik ki, bu bəşəriyyət üçün lazımdır. Bu addımları atmasaq, biz planetimizi xilas edə bilməyəcəyik. Hazırda bu təşəbbüsümüzə 12 ölkə qoşulub və inanıram ki, bu rəqəm sürətlə artacaq. Fici bu təşəbbüsə qoşulan və onu təşviq edən ilk ölkələrdəndir, çünki Fici bunun vacib olduğuna inanır. Biz burada anı yaxalayaraq bu təşəbbüsü irəlilədə bilərik”, - o deyib.