Fransanın Azərbaycandakı səfirliyi "Make it iconic. Choose France" kampaniyasına qoşulub.
APA xəbər verir ki, kampaniyanın təqdimatı ilə bağlı Fransanın Azərbaycandakı səfirliyi tədbir keçirib.
Tədbirdə Fransa səfiri Anna Buayon çıxış edərək bildirib ki, ötən ay Fransa hökuməti ölkənin sənaye, tədqiqat, təhsil, turizm sahəsində imkanlarının təbliği, Fransanın imicinin tanıdılması ilə bağlı bu kampaniyanı başladıb və bütün Fransa səfirlikləri kampaniyaya qoşulub.
Fransalı diplomat deyib ki, onun ölkəsi 2022-ci ildə qlobal investisyalara ən çox ev sahibliyi edən ölkələr arasında olub.
"Ötən il tədqiqata və inkişafa investisiyalar rekord həddə çatıb".
O bildirib ki, bu gün Fransa universitetlərində 540 mindən çox professor, tədqiqatçı, texniki mütəxəsislər çalışır.
"Fransanın Strasburq Universitetinin 4 Nobel mükafatçısı var, bu il Fizika sahəsi üzrə iki Nobel mükafatçısı da Fransa universitetlərinin əməkdaşlarıdır. Fransada çalışan 12 min həkimin 41 faizini əcnəbilər təşkil edir. Ölkədəki nəşriyyat şirkətlərinin 54 faizi beynəlxalq əməkdaşlığın nəticəsidir. Fransa ildə 300 000 xarici tələbə qəbul edən qeyri-ingilis dilli təhsil verən ölkədir", diplomat deyib.
O bildirib ki, bütün bu nümunələr onun ölkəsinin inkişafa, investisyalara, əməkdaşlığa açıq olduğunu göstərir. Səfir əlavə edib ki, diplomatların da vəzifəsi bu əməkdaşlığı təşviq etməkdir və Fransanın Azərbaycandakı səfirliyi də bu istiqamətdə çalışır.