Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr edilmiş marafon keçiriləcək.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edəcək.
Marafon Tbilisidə ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkdan (ünvan: V.Qorqasali №4) Rustavi şəhərindəki parkadək (ünvan: M.Kostava №12) həyata keçiriləcək.
Qeyd olunub ki, marafona 17 oktyabr 2021-ci il tarixində, saat 10:00-da start veriləcək. Səfirliyin məlumatında o da bildirilib ki, marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. 30 km məsafəni uğurla qət edən ilk üç nəfərə diplom və müxtəlif hədiyyələr təqdim ediləcək, “finish” nöqtəsinə çatan digər müsabiqə iştirakçıları isə sertifikatlarla təltif olunacaqlar. Marafonda iştirak etmək istəyən şəxslər 2021-ci ilin 16 oktyabr tarixinədək səfirliyin [email protected] elektron poçt ünvanına yazılı müraciət edərək və ya (+995) 577-60-60-06 nömrəli mobil telefonu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.