İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədi boyunca həyata keçirdiyi hərbi təxribatdan ciddi narahatlığını və bu təxribatları pislədiyini ifadə edib.
APA xəbər verir ki, bu baradə qurumun rəsmi web səhifəsində bildirilir.
Məlumatda qeyd olunur ki, Baş Katiblik Ermənistan Respublikasını Azərbaycan, Ermənistan və Rusiya Federasiyası arasında 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata, habelə Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmalara uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.
İƏT Xarici İşlər Nazirləri Şurasının 22-23 mart 2022-ci il tarixlərində Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilmiş 48-ci sessiyasında qəbul etdiyi qətnaməni xatırladan Baş Katiblik daha sonra Azərbaycan və Ermənistan arasında münasibətləri suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət və qarşılıqlı tanınma əsasında normallaşdırmağa çağırır.
Baş Katiblik şəhidlərin ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara tezliklə şəfa arzulayır.