İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı videomüraciəti qəbuledilməzdir, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, İran rəsmisinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəfə alması və azərbaycanlı qızları İran universitetlərində təhsil almağa dəvət etməsi müstəqil dövlətin daxili işlərinə müdaxilə cəhdidir: “Bu cür yanaşma təhsil məsələsini siyasi və dini müstəviyə çəkməklə ictimai rəydə manipulyasiya yaratmağa və regional gərginliyi artırmağa xidmət edir. Azərbaycanın təhsil siyasəti ölkənin qanunvericiliyi, milli maraqları və cəmiyyətin inkişaf prioritetləri əsasında müəyyənləşdirilir. Heç bir xarici dövlətin Azərbaycanın təhsil sisteminə, qanunlarına və daxili siyasətinə müdaxilə etmək hüququ yoxdur. Azərbaycan öz müstəqil siyasətini bundan sonra da davam etdirəcək və bu cür müdaxilə cəhdlərinə imkan verməyəcək”.

İranda azərbaycanlıların ana dilində təhsil hüququ təmin olunmur
Azər Badamov vurğulayıb ki, İran rəsmiləri başqa ölkələrin təhsil sistemi ilə bağlı fikir bildirməzdən əvvəl öz ölkələrindəki problemlərə diqqət yetirməlidirlər: “İranda yaşayan təxminən 40 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququ uzun illərdir təmin olunmur. Ölkədə Azərbaycan dilində tədris aparılan məktəbin və ali təhsil müəssisəsinin olmaması milyonlarla soydaşımızın fundamental hüquqlarının məhdudlaşdırıldığını göstərir. İran rəsmiləri hansı haqla Azərbaycana təhsil dərsi keçməyə çalışırlar? Əvvəlcə öz ölkələrində yaşayan azərbaycanlıların hüquqlarını təmin etsinlər. İran prezidenti Məsud Pezeşkian həm ölkə daxilində, həm də beynəlxalq görüşlərdə Azərbaycan dilində danışır. Bu, Azərbaycan dilinin milyonlarla insan üçün nə qədər doğma və əhəmiyyətli olduğunu göstərir. Ancaq eyni dövlətin siyasəti azərbaycanlıların öz ana dilində təhsil almasına imkan vermir”.
Azər Badamov xatırladıb ki, İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində regional dillərin mətbuatda və kütləvi informasiya vasitələrində istifadəsinə, habelə məktəblərdə həmin dillərin ədəbiyyatının tədrisinə icazə verilir: “Lakin bu konstitusion müddəanın tam və səmərəli həyata keçirilməsi ilə bağlı ciddi problemlər qalır. Məsud Pezeşkianın prezident seçkiləri kampaniyası zamanı ana dili məsələsində verdiyi vədlərə baxmayaraq, problemin həll olunmaması İranın öz konstitusiyasının prinsiplərinin həyata keçirilməsi ilə bağlı suallar yaradır”.
İranın öz təhsil siyasəti ilə bağlı suallar cavabsız qalır
Deputat İran nazirinin azərbaycanlı qızlara ünvanladığı dəvətin özünün də bir sıra suallar doğurduğunu deyib: “İranlı nazir Azərbaycandan olan qızları öz universitetlərinə dəvət edir. Bəs həmin qızlara hansı dildə dərs keçəcəklər? Onların ana dilində təhsil almaq imkanları olacaqmı? Öz ölkəsində milyonlarla azərbaycanlının ana dilində təhsil hüququnu təmin etməyən bir rəsminin Azərbaycandakı təhsil qaydaları barədə danışması nə dərəcədə əsaslıdır? İranın özündə qadınların geyimi ilə bağlı sərt məhdudiyyətlər mövcuddur və məcburi hicab tələbi ictimai həyatın müxtəlif sahələrində tətbiq edilir. Belə olan halda, İran rəsmilərinin Azərbaycanda qızların təhsil hüququ ilə bağlı narahatlıq ifadə etməsi ikili yanaşma təsiri bağışlayır. Əgər İran rəsmiləri həqiqətən də qızların təhsil hüququnu düşünürlərsə, ilk növbədə öz ölkələrində qadınların hüquqlarına, seçim azadlığına və təhsil imkanlarına diqqət yetirməlidirlər. Azərbaycan da İranda məcburi hicab qaydalarına görə təzyiqlərlə üzləşən, bu qaydaları qəbul etməyən qadınları təhsil almaq üçün ölkəmizə dəvət etsə, İran rəsmiləri buna necə münasibət bildirərlər? Başqa dövlətin daxili məsələlərinə müdaxilə etməzdən əvvəl bu sual üzərində düşünmək lazımdır”.

Azərbaycanın təhsil siyasəti müstəqil qərarlarla müəyyənləşdirilir
Azər Badamov bildirib ki, Azərbaycan dünyəvi dövlət kimi təhsil siyasətini öz qanunları və milli maraqları əsasında həyata keçirir: “Hər hansı xarici ölkənin bu siyasəti dini və ya siyasi müstəviyə çəkməsi, cəmiyyət daxilində narazılıq yaratmağa çalışması qəbuledilməzdir. İran rəsmiləri başqa ölkələrin daxili işlərinə müdaxilə etmək əvəzinə öz dövlətlərindəki sosial, iqtisadi və təhsil problemlərinin həllinə diqqət yetirməlidirlər. Xüsusilə milyonlarla azərbaycanlının ana dilində təhsil almaq hüququnun təmin edilməsi istiqamətində konkret addımlar atılmalıdır. Bu məsələlər həllini tapmadan Azərbaycana təhsil və hüquqlar barədə iradlar ünvanlamaq İranın öz daxilindəki ziddiyyətləri aradan qaldırmır”.