“Latviya və Azərbaycanı dostluq münasibətləri və əməkdaşlıq qrupları arasında sıx əlaqələrlə səciyyələnən dinamik parlamentlərarası dialoq birləşdirir”.
APA-nın Latviya Seyminin saytına istinadən verdiyi xəbərə görə, bunu Latviya Seyminin spikeri İnara Murniyetse Riqada səfərdə olan Milli Məsclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
“Biz uğurlu dövlətlərarası əməkdaşlığın inkişafında maraqlıyıq”, - latviyalı rəsmi bildirib.
Tərəflər görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət çəkiblər. Milli Məclisin sədri bildirib ki, hazırda Aİ ilə əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
İnara Murniyetse "Şərq Tərəfdaşlığı"nı Aİ-nin tərəfdaş ölkələrlə əməkdaşlıq mexanizmi olduğunu qeyd edib.
Latviya Seyminin spikeri bu təşəbbüsün Azərbaycan ilə Aİ arasında əlaqələrin yaxşılaşdırılması üçün mühüm mexanizm olduğunu vurğulayaraq, əməkdaşlığın ölkənin maraqlarına cavab verən və onlara uyğunlaşdırılmış proqramlara əsaslanmalı olduğunu deyib: “Latviya qanunun aliliyi və yaxşı idarəetmə, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində islahatların davam etdirilməsini dəstəkləyir və bu məsələlərdə öz təcrübəsini bölüşməyə hazırdır”.
Mövcud təhlükəsizlik vəziyyətini müzakirə edən tərəflər razılığa gəliblər ki, hər bir ölkənin xarici siyasətinin əsas vəzifəsi öz ölkəsində və yaxın regionda sülh və təhlükəsizliyi təmin etməkdir. İ. Murniyetse Latviyanın Cənubi Qafqazda sabit və dinc münasibətlərə dəstəyini ifadə edib.
Baltik regionunda geosiyasi vəziyyət barədə azərbaycanlı həmkarını məlumatlandıran Seymin spikeri təhlükəsizlik məsələlərinin hazırda ölkəsinin əsas prioritetinə çevrildiyini deyib. Görüş zamanı Ukraynanın Rusiya ilə sərhədində gərginləşən vəziyyət, eləcə də Aİ-nin Belarusla sərhədindəki vəziyyət müzakirə olunub.
NATO-Azərbaycan münasibətləri barədə danışan parlament spikerləri bu münasibətləri qarşılıqlı faydalı və sabit qiymətləndiriblər. Latviya Seyminin spikeri deyib ki, onun ölkəsi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlara dəstək verməklə Avro-Atlantik təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirir.
Ölkələr arasında çoxtərəfli formatda əməkdaşlığı müzakirə edən Seym spikeri Azərbaycanı 2025-ci ildə BMT Təhlükəsizlik Şurasına keçiriləcək seçkilərdə Latviyanın namizədliyini dəstəkləməyə çağırıb.
Milli Məclisin sədri Sahibə Qafarova latviyalı həmkarını Azərbaycana səfərə dəvət edib.