Latviya hər bir ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir.
APA xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Vija Buşa Latviyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
Diplomat bildirib ki, Latviya müstəqillik əldə etdikdən sonra onun ilk addımları mürəkkəb və çətin olub. O deyib ki, 1920-ci illərin əvvəlində Latviyanın müstəqilliyini təbrik edənlər arasında Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov da var idi.
"Latviya beynəlxalq hüquqa hörmət edir, hər bir ölkənin suverenliyi və ərazi bütövlüyünü tanıyır. Bizim ölkələrimiz arasında konstruktiv və dost münasibətlər var. Dövlətlərimiz arasında fəal siyasi dialoq mövcuddur. Ötən illər ərzində Latviya və Azərbaycan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Latviya və Azərbaycanın 14 bələdiyyəsi arasında əməkdaşlıq yaradılıb. Xalqlarımız arasında münasibətlər yaxınlaşır", o deyib.
Müvəqqəti işlə vəkili vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi artıb.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında deyib ki, iki ölkə arasında yüksələn xətlə inkişaf edən əlaqələr mövcuddur. Bu əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində daha da dərinləşir.
“Latviya Azərbaycan üçün mühüm iqtisadi tərəfdaşdır".
Nazir xatırladıb ki, bu ilin mayında Riqada keçirilən hökumətlərarası komissiyanın iclasında mühüm nəticələr əldə olunub.
"Bizim əlaqələrimiz qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlığa əsaslanır".
Nazir xatırladıb ki, iki il əvvəl 44 günlük müharibədə Azərbaycan 30 ildir işğal altında olan ərazilərini azad edərək ədaləti və hüquq bərpa edib. "Bu mübarizədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdən biri də Latviya idi. Dost Latviya Respublikasına təşəkkür edirik. Əməkdaşlığımız üçün böyük potensial var və əminəm ki, bu münasibətlər daha da inkişaf edəcək", nazir deyib.