"Fransanın müstəmləkəsi olmuş Martinikada ən çox əziyyət çəkən qadınlar olub".
APA xəbər verir ki, bunu Müstəqil Martinika Naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Claudette Duhamel "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, qadınlar hər zaman aşağı səviyyəli görünüb: “Amma biz həmişə ölkəmizin azadlığı üçün mübarizə aparmışıq. Bu gün qadınlar diskriminasiyalarla üzləşirlər. Martinika müstəmləkəsində hələ də quldarlıq vəziyyətindən əziyyət çəkənlər var. Həm quldarlıq, həm də müstəmləkəçilik qadınlarımızın vəziyyətinin çətinləşməsinə gətirib çıxarıb.
Claudette Duhamel qeyd edib ki, müstəmləkə dövründə Martinika qadınları həm də seksual obyektə çevrilib.
"Onlara uşaqlarına valideynlik etməyə belə icazə verilmirdi. Qaradərili qadınlar və kişilər arasında bərabərlik yox idi. Onlara bir yerdə olmağa qadağa qoyulmuşdu. Qadınlara insan yox, əşya kimi yanaşırdılar”, - deyə o bildirib.