Bakıda "Qadınlar: Parlaq gələcəyə aparan yol" mövzusunda panel müzakirəsi keçirilir.
APA xəbər verir ki, panel müzakirəsində əsas qonaq qismində Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.
O deyib ki, dünya ciddi münaqişə və böhranlarla üzləşir və bunlar qadınların həyatına ciddi təsir edir. Parlament sədri vurğulayıb ki, gender bərabərliyi, qadınların bərabər imkanlara çıxışı daha yaxşı dünya üçün vacibdir.
O çıxışında qadınların səlahiyyətlərinin artırılmasının vacibliyini vurğulayıb: "Azərbaycan qadınların cəmiyyətdə və idarəçilikdə rolunda uğurlu nəticələr sərgiləyib".
Sahibə Qafarova xatırladıb ki, Azərbaycan ötən əsrdə qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir.
"Qadınların cəmiyyətdə rolunun artırılması və bu istiqamətdə siyasətin formalaşması bizim milli prioritetlərimizdən biridir.
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəaldırlar.
Qadınların cəmiyyətdə rolu daha da güclənir", - Sahibə Qafarova deyib.
Parlament sədri deyib ki, Azərbaycan QH-yə 2019-cu ildən dan sədrlik edir və sədrliyi dövründə müxtəlif layihələr və təşəbbüslərlə çıxış edib.
"Azərbaycanın QH-yə sədrliyinin uğurlu nəticələrindən biri onun institusional inkişafıdır", - deyən Milli Məclisin sədri QH-nin parlament şəbəkəsinin yaradılmasının vacibliyi xatırladıb.
"QH-nin prinsiplərinin təbliği parlament şəbəkəsinin də əsas işidir", - o deyib.
O bildirib ki, QH ölkələrə bu platforma çərçivəsində müəyyən ölkələrin neokolonializm siyasətinə qarşı səylərini birləşdirmək imkanı verir.