İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlərinin son iclasında Əfqanıstandakı vəziyyətə dari yekun qətnamə qəbul olundu. Qətnaməyə əsasən, Həmrəylik Fondu yaradılacaq və bu fond İslam İnkişaf Bankının (İİB) nəzdində fəaliyyət göstərəcək və İİB tərəfindən idarə olunacaq.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviçlə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Əfqanıstana humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin olması vacibdir və iclasda razılaşdırılıb ki, iki belə mərkəz açılsın: “Bu mərkəzlərdən biri Pakistanda, digəri isə Özbəkistanda açılacaq. Əfqanıstanla bağlı məsələlərdə çevik koordinasiya vacibdir. Eyni zamanda, İƏT-in təmsilçiliyinin Əfqanıstanda genişləndirmək barədə razılıq əldə olundu. Azərbaycan Əfqanıstana hər zaman dəstək verib və biz gələcəkdə də bu ölkəyə dəstək layihələrində iştirak etməyə hazırıq. Azərbaycan qeyri-NATO ölkələri arasında ilk ölkə idi ki, sülhməramlı missiyada iştirak etdi. Biz təxliyə prosesinə də töhfə vermişik və bu xüsusilə qeyd olunur”.