“Mən bu gün burada olmağıma şadam”.
Bunu APA-ya açıqlamasında Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda iştirak edən Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm deyib.
“Bildiyiniz kimi, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir. Şuşanın və Qarabağın bizim qəlbimizdə xüsusi yeri var. Biz Şuşanı, Qarabağı həmişə araşdırmışıq, öz kitablarımızda bu barədə dərc etmişik. Xarici siyasətimizdə bu məsələdə aydın mövqe ortaya qoymuş, açıq şəkildə bəyan etmişik ki, Ermənistanı tanımırıq. Bu gün bura, Şuşaya gəlmək sanki öz evinə gəlmək kimi bir hisdir və çox şadam ki, həyatımda Şuşaya gəlmək kimi bir imkanım oldu. Şuşa gözəl şəhərdir. Azərbaycan Şuşanı mədəniyyət paytaxtı elan edib. Şuşa yalnız Azərbaycanın yox, həm də bizim mədəniyyət paytaxtımızdır”, - pakistanlı ekspert vurğulayıb.
O qeyd edib ki, Pakistan Azərbaycanın bu uğurunu bölüşür: “Biz Azərbaycan hökumətini və Azərbaycan xalqını həm bu uğura, həm də bu ərazilərin sürətlə tikilməsinə və bərpasına görə təbrik edirik. Bu gün Şuşaya çox keyfiyyətli yolla gəldik. Nəzərə alın ki, bu yol yalnız bir il ərzində çəkilib. Həmçinin mən hava limanını qeyd etmək istərdim. Məncə bu, Ginnesin Rekordlar Kitabına daxil edilməlidir. Heç bir ölkə 7-8 ay ərzində belə yüksək səviyyədə standartlara uyğun hava limanı inşa etməyib. Mən Azərbaycan xalqına bir daha öz təbriklərimi çatdırıram. Bütün bunlar Azərbaycan xalqının səyləri ilə reallaşıb”.