Politoloq: Azərbaycanın AŞPA qarşısındakı şərtləri ədalətli və məntiqlidir

Ramiz Alıyev

© APA | Ramiz Alıyev

# 09 sentyabr 2024 17:14 (UTC +04:00)

Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığın bərpası üçün irəli sürdüyü şərtlər olduqca ədalətli və ağlabatandır.

Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

Ramiz Alıyev deyib ki, öz nüfuzunu, imicini düşünən hər bir dövlət xarici siyasətini qarşılıqlı hörmət və etimad üzərində qurmalıdır: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün AŞPA-nın qərəzli, riyakar sanksiyası ilə üzləşdi. Strasburqdakı nümayəndə heyətinin status ləğv edildi. Buna cavab olaraq ölkəmiz bu qurumun sessiyalarında iştirakdan imtina etməklə yanaşı, orada Azərbaycana qarşı qətnaməyə səs vermiş deputatların ölkəyə girişini yasaqladı. Hazırda AŞPA Azərbaycanla əməkdaşlıq qurmağa səy göstərir. Bakının şərti isə dəyişməz olaraq qalır. Bədnam qərar ləğv edilməli və yeni əməkdaşlıq məsələləri müzakirə olunmalıdır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin ötən həftə İtaliyaya işgüzar səfəri strateji əhəmiyyət kəsb etdi: “Xüsusilə də, İtaliyanın Çernobbio şəhərində “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən Beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyev bir neçə vacib məqamlara toxundu və bir sıra məsələlərə aydınlıq gətirdi. Avropa strukturlarında kök atmış erməni lobbisinin fəaliyyəti nəticəsində ölkəmizə qarşı çirkin kampaniya bu gün də davam etdirilir. Prezident başda AŞPA olmaqla, Avropa strukturlarında anti-Azərbaycan mövqeyin gerçək səbəbini göstərdi. Qeyd etdi ki, Assambleyada nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etmək suverenliyimizi bərpa etdiyinə görə Azərbaycana qarşı tətbiq edilən sanksiya idi. Sanksiya aradan qaldırılmasa, Bakının “arzuolunmaz şəxs” hesab etdiyi AŞPA üzvləri də ölkəmizə buraxılmayacaq. Azərbaycan nümayəndə heyətinin mandatı bərpa olunmadığı müddətdə hansısa əməkdaşlıqdan söhbət gedə bilməz”.

Politoloq onu da bildirib ki, Azərbaycan hələ 2001-ci ildə AŞPA-ya rəsmən üzv qəbul olunanda əsas niyyəti Qarabağ münaqişəsinin həllində Qərbin ədalətli mövqeyini əldə etmək idi: “AŞPA-nın Azərbaycanda siyasi və hüquqi islahatların aparılmasına, ərazi bütövlüyünün bərpa edilməsinə fayda verə biləcəyinə böyük inam vardı. Qurumun, xüsusilə də 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının müdafiəsinə ciddi yanaşacağını gözləyirdik. Biz çox çətinliklə avropalı deputatları Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və yüz minlərlə insanın öz evlərindən didərgin düşməsinə inandıra bildik. Təkzibolunmaz faktlar qarşısında aciz qalan AŞPA könülsüz şəkildə Ermənistan tərəfindən Azərbaycanın ərazisinin bir hissəsinin işğalını pisləyən qətnamə qəbul etdi. Amma AŞPA-nın münaqişənin həllinə edə biləcəyi kömək qətnamələrdən, tövsiyələrdən o tərəfə keçmədi. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq edilmədi. Ayrı-ayrı qrupların cılız maraqlarının ruporuna çevrilən bu Avropa təşkilatı Fransa, Almaniya kimi dövlətlərin əlində siyasi alət oldu. AŞPA və onun hüquqi dəstəkçisi olan Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı olan iddialara həssaslıq göstərirdi, Ermənistana qarşı iddiaları isə görməzlikdən gəlirdi. 44 günlük Vətən Müharibəsindən sonra AŞPA əsl xislətini göstərdi. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi avropalıları çox məyus etmişdi. Fransa və Almaniya kimi dövlətlərin təşəbbüsü ilə AŞPA Azərbaycan əleyhinə sanksiya xarakterli qətnamə qəbul etdi. Onlar Azərbaycan dövlətini guya Qarabağdakı erməniləri öz evlərindən zorakılıqla çıxarmaqda, həmməruzəçilərin bölgəyə səfərinə şərait yaratmamaqda və siyasi həbslərdə ittiham edirdilər. Əslində Ermənistan üzərində qələbə qazanan Azərbaycanda qisas almaq məqsədi güdən bu qətnamə də kağız parçasından başqa bir şey olmadı. Gözləyirdilər ki, Azərbaycan AŞPA-nın qətnaməsindən sarsılacaq, onun ləğvi üçün Strasburqa yalvarış dolu xahişlər edəcək. Azərbaycan özünə hörmət edən bir dövlət olaraq nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığına son qoydu, əleyhimizə qəbul edilmiş qətnaməyə səs verən deputatları arzuolunmaz şəxs elan etdi və ölkəyə girişinə “stop” qoyuldu. Bu həm də AŞPA-da uzun müddət davam edən ikili standartlar, ermənipərəst mövqe, məkrli niyyətə Bakının məntiqli cavabı idi. Düşünürəm ki, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mühüm rol oynayan Azərbaycana qarşı Qərbin bəzi siyasi dairələrinin münasibəti, həqiqətən də, ədalətsizdir və başadüşülən deyil. AŞPA-dan fərqli olaraq bir sıra Avropa dövlətləri Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdırlar. Düşünürəm ki, AŞPA-da öz səhvini anlayacaq və məlum qətnamənin ləğvi istiqamətində addımlar atacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR