Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub

Polşada azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı ziyarət olunub
# 09 may 2024 16:17 (UTC +04:00)

9 May - Qələbə Gününün 79-cu ildönümü Polşada faşizmlə mübarizə aparmış qəhrəmanlarından hesab olunan azərbaycanlı polkovnik Vəli bəy Yadigarın məzarı başında qeyd olunub.

Azərbaycanın Polşadakı Səfirliyindən APA-ya verilən məlumata görə, anım mərasimində Azərbaycanın Polşadakı Səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəliyi aparatının rəhbər və əməkdaşları, həmçinin Polşanın müftisi Tomaş Miskeviç iştirak ediblər.

Səfir Nərgiz Qurbanova faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolu, istər ön, istərsə də arxa cəbhədəki qəhrəmanlığı və fədakarlığından bəhs edib. Qeyd olunub ki, şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb və 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Ardınca, Azərbaycan və Polşanın hərb tarixində dərin izlər qoymuş, faşizmlə mübarizədə müstəsna xidmətləri ilə seçilmiş və Varşava üsyanında iştirak etmiş azərbaycanlı polkovnik Vəli bəy Yadigar, onun söy-kökü, Azərbaycan Xalq Cümhuriyyəti və Polşa silahlı qüvvələri üçün önəmli xidmətlərindən danışılıb. Mərasim iştirakçılarına məlumat verilib ki, Argentinaya mühacirət etməyə məcbur qalmış polkovnik Vəli bəy Yadigar 1971-ci ildə Buenos Ayresdə vəfat etməsinə baxmayaraq o, azad Polşada dəfn olunmağı vəsiyyət edib. Bu səbəbdən 1990-cı ildə onun və həyat yoldaşının cənazəsi Varşavaya gətirilərək Varşavadakı “müsəlman-tatar qəbiristanlığı”nda dəfn olunub.

Mərasim çərçivəsində Vəli bəy Yadigarın məzarına çələng qoyulub, onun ruhuna “Quranı-Kərim”dən ayələr oxunaraq dualar edilib. Anım mərasiminin ardınca “müsəlman-tatar qəbiristanlığı”nın inzibati binasında ehsan süfrəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR