Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
***
07:58
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.
APA xəbər verir ki, Vyaçeslav Volodin Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Bundan əvvəl Qafarova ilə telefon danışığında Volodin Bakıya sentyabrın ortalarına planlaşdırılan səfəri barədə məlumat verib. Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.
Dövlət Dumasının sədri sonuncu dəfə 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub. Bundan əlavə, 23 sentyabr 2020-ci ildə Volodin Moskvada Sahibə Qafarova ilə görüşüb.