Bank Of Baku

Rusiya Prezidentinin xüsusi nümayəndəsi: ““Böyük yeddilik” ölkələrinin liderləri də İlham Əliyevlə hesablaşır” - MÜSAHİBƏ - VİDEO

Mixail Şvıdkoy

© APA | Mixail Şvıdkoy

# 24 dekabr 2021 11:19 (UTC +04:00)

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun APA-nın Moskva müxbirinə müsahibəsi

- Mixail Yefimoviç, Siz dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmüsünüz. Həm Rusiyanın mədəniyyət naziri olduğunuz dönəmdə, həm də ondan sonra... Ötən ay da görüşünüz olub. Təəssüratlarınızı eşitmək istərdik.

- Azərbaycan Prezidenti İlham Əliyev heyrətamiz keyfiyyətlərə, qüsursuz tərbiyəyə malik insandır. Onunla söhbət edən zaman tamamilə dürüst olduğunu görürsən. Son illərin hadisələri göstərdi ki, bu adam böyük iradə sahibidir, böyük dövlət temperamentinə malikdir. Bu, çox vacibdir. Düşünürəm ki, ölkənin lideri ümumiyyətlə temperamentsiz ola bilməz. Bu mənada İlham Əliyev mütləq, zərif zəka ilə heyrətamiz güclü iradə keyfiyyətlərinin birləşməsidir. Heydər Əliyev öz oğlu ilə fəxr edirdi. Əgər o, indi baş verən hadisələrin, ümumilikdə İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda baş verənlərin şahidi olsaydı, oğlu ilə ikiqat fəxr edərdi. Heydər Əliyev kimi güclü, parlaq ata ilə müqayisə olunmaq həqiqətən çətindir. Heydər Əliyev Azərbaycanı xilas etmişdi. Həyat və təcrübə göstərdi ki, İlham Əliyev atasının dərslərini, təcrübəsini, müdrikliyini ən yüksək səviyyədə əxz edib. Son illərdə baş verən hadisələr göstərir ki, İlham Əliyevin adı artıq tarixə yazılıb. Düşünürəm ki, İlham Əliyevin Azərbaycan tarixindəki yeri ölkə üçün ən yüksək səviyyədədir. Həyat sürətlidir, mənə elə gəlir ki, İlham Əliyev vaxtın sürətlə hərəkət etdiyini və müasir dünyada mövcud siyasi tendensiyaların çoxvektorlu olduğunu kəskin hiss edir. Bizim üçün Azərbaycan və Rusiyanın strateji tərəfdaş olması çox vacibdir. Vladimir Putinlə İlham Əliyev arasında mehriban, insani və dövlət münasibətlərinin olması əlbəttə ki, bizim üçün çox vacibdir. Bu mənada ölkələrimizin liderləri arasında dərin təmaslar bir çox şeyi müəyyən edir. Anlaşılandır ki, dünya müxtəlifdir və sürətlə dəyişir. Mən əminəm ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dəyişilməz olaraq qalacaq.

Daha bir vacib məqamı qeyd edim. İlham Əliyevin çox gözəl ailəsi var. Mehriban xanım Əliyevanın Azərbaycanın həyatında oynadığı rol yüksək səviyyədə vacibdir və deyərdim ki, unikaldır. Ona görə də, İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edərək həm də hamımızı təbrik etmək istəyirəm. Ona görə ki, onun yubileyini təkcə Azərbaycanda qeyd etmirlər. Rusiyada da qeyd edirlər, ən əsası da səmimi qeyd edirlər. Əminəm ki, qarşıda Azərbaycan Respublikasını çoxlu parlaq və möhtəşəm səhifələr gözləyir. Ölkə son 10 ildə çox intensiv inkişaf edir. Bu inkişaf hər bir sahəyə - demoqrafiyaya, infrastruktura, ölkənin beynəlxalq arenadakı roluna öz təsirini özünü göstərib. Əminəm ki, qarşıda Azərbaycanı parlaq və maraqlı həyat gözləyir, hansı ki, Qafqazda sabitliyi təmin edəcək. Mənə elə gəlir ki, bu da İlham Əliyev və Azərbaycan xalqı üçün çox vacibdir. Biz Azərbaycan xalqının uğurlarına şadıq. Şadıq ki, ölkənin başında bu çətin illərdə İlham Əliyev kimi parlaq, dərin, müdrik və iradəli lider dayanıb.

- İlham Əliyevi bir siyasi lider və diplomat kimi necə xarakterizə edərdiniz? Onun hansı xüsusiyyətləri daha çox önə çıxır?

- Bilirsiniz, sovet terminologiyasında “siyasi ağır çəkili” termini var. Sözsüz ki, İlham Əliyev siyasi ağır çəkili şəxsdir. O, beynəlxalq vəziyyəti çox ciddi analiz edən siyasətçidir. Müxtəlif ölkələrin, o cümlədən “Böyük yeddiliyə” daxil olan nəhəng dövlətlərin liderləri onunla ciddi şəkildə hesablaşırlar. İlham Əliyev həqiqətən ölkəsi üçün nəyi istədiyini bildiyini sübut edən ağır çəkili siyasətçidir. O, Azərbaycanın hansı maraqlarının olduğunu bilir. İlham Əliyev Azərbaycanın geosiyasi xəritədə hansı yeri tutmalı olduğunu anlayır. Düşünürəm ki, baş verənləri çox ciddi və dərin analiz etməsi onu fərqləndirir. Onu ölkənin əsl iradəli lideri olması da fərqləndirir. Yüksək zəka və iradənin birləşməsi məncə, İlham Əliyevin fərqləndirici xüsusiyyətləridir. Müasir dövrdə bu xüsusiyyətlər çox vacibdir.

- Ötən il Rusiya ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevi daha yaxşı tanımış oldu. Məlum müharibə dövründə Azərbaycan Prezidenti Rusiya mediasına çoxlu müsahibə verdi. Ekspertlər bildirirlər ki, İlham Əliyev həmin dövrdə beynəlxalq səviyyədə informasiya müharibəsini təkbaşına apardı. Sizin bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.

- Bilirsiniz, mənə elə gəlir ki, İlham Əliyev və Vladimir Putin miqyasında olan liderlər öz çiyinlərində həm də gündəlikdə duran informasiya yükünü daşıyırlar. Bu mənada İlham Əliyevin ötənilki müsahibələri, çıxışları, əlbəttə ki, həlledici rol oyandı. Bu çıxışlara dünya KİV-i, ölkədaxili media, o cümlədən Rusiya mediası istiqamətlənirdi. Bu mənada İlham Əliyev informasiya gündəminin vacib liderinə çevrildi. Təkcə son iki ildə və ya Ermənistanla böhranlı vəziyyət yaranan zaman deyil, deyərdim ki, İlham Əliyev 10 illiklərdir ki, gündəmi təyin edir. O, Azərbaycanın Prezidenti olandan gündəmdədir. Məhz İlham Əliyevin gördüyü informasiya işi çox vacibdir. Çünki o, Azərbaycanı həm də beynəlxalq arenada təmsil edir. Bu təbiidir. Çünki İlham Əliyev əsl dövlət lideridir, öz xalqının əsl lideridir.

- İlham Əliyevin mədəniyyət sahəsində göstərdiyi diqqət göz qabağındadır. Siz bir mədəniyyət xadimi kimi bunu necə qiymətləndirirsiniz?

- Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətə yüksək səviyyədə hörmət, diqqət və qayğısının sübutu Bakı şəhəridir. Bakıya gələn zaman memarlığa, mədəniyyət abidlərinə göstərilən ciddi və dərin yanaşmanı görəndə, anlayırsan ki, dövlət başçısı mədəniyyətə hansı səviyyədə diqqət göstərir. Əlbəttə ki, Azərbaycanın böyük mədəniyyət ənənələri təkcə paytaxt Bakı ilə məhdudlaşmır. Ölkənin regionlarında da mədəniyyət sahəsində inkişaf göz qabağındadır. Son illər mədəni infrastrukturlara yatırılan sərmayələr də bunun sübutudur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR