“Azərbaycanda Minsk Qrupu həmsədrlik institutunun mövcudluğuna de-fakto son qoyulmasıyla bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovun etirafını hər kəs böyük məmnunluqla qarşıladı. Çünki bu, həmsədrlik yox, həmhavadarlıq, həmhimayədarlıq institutu kimi fəaliyyət göstərir, Ermənistana BMT qətnamələrini yerinə yetirmək üçün gözün üstə qaşın var demirdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib.
S. Alıyev deyib ki, nə qədər paradoksal da görünsə, edilən havadarlıqlardan o dərəcədə başı dumanlandı ki, Minsk qrupuna ilk zərbəni də elə Ermənistanın indiki rəhbərliyi endirdi: "Qarabağ Ermənistandır" deməklə, həmən qrup çərçivəsində aparılan danışıqlar formatına son qoydu. Ondan sonra da Azərbaycanın öz torpaqlarını savaş yoluyla geri qaytarmaqdan başqa ayrı bir yolu qalmadı. Nəticə də bəllidir, Minsk Qrupunun, onun həmsədrlərinin etməli olduqlarını biz özümüz etdik. Ona görə də cənab Prezidentin təbirincə desək, 28 illik fəaliyyəti sıfır olan bir qrupun və onun həmsədrlik institunun de-fakto yoxluğunun indi bizə nə istisi, nə də soyuğu var. Varsa da, bu bizim üçün qış istisi, yay soyuğudur. Yəni daha çox rahatladıcıdır, nəinki narahatedici”.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qeyd edib ki, artıq həmsədr ölkələr də bu reallığı qəbul etməyə başlayıblar: “Məsələn, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilib. Nəzərə alsaq ki, İqor Xovayev Minsk Qrupunun həmsədridir, onun xüsusi nümayəndə təyin edilməsi Kremlin Minsk Qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. İrəvana səfər etmiş ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Bris Rokfeylin də regiona tamam başqa, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi kimi səfər etdiyi də məlum olub. Bütün bunlar da artıq Minsk Qrupunun mandatının de-fakto etibarsız olduğunu bir daha təsdiqləyir. Minsk Qrupu həmsədrlik institutunun mövcudluğuna de-fakto son qoyulub”.