“ABŞ regionda hərtərəfli sülhü, bütün regionun rifahına xidmət edəcək nəqliyyat bağlarının açılmasını dəstəkləyir”.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib. Səfir bildirib ki, ABŞ Cənubi Qafqazın hər üç ölkəsini daha güclü, dayanıqlı və daha müstəqil görmək istəyir.
“Biz, həmçinin, regional əməkdaşlığın artmasını görmək istəyirik. Bu, bir qədər vaxt ala bilər, amma biz istənilən məsələdə tərəflərin bir araya gətirilməsini dəstəkləməyə hazırıq”, - deyə səfir bildirib.
Li Litzenberqer qeyd edib ki, ABŞ münaqişədən sonrakı dövrdə əlaqələrin normallaşdırılmasında önəmli rol oynayır.
“Bizim təşəbbüsümüzlə saxlanılan ermənilərin minalanmış ərazilərin xəritəsi ilə ilk mübadiləsi baş tutdu. Hər iki sahədə görüləsi çox iş var. Mən 90-cı illərin əvvəllərində, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 min azərbaycanlı ilə bağlı son dövrlərdəki tərəqqini görməkdən məmnunam. Biz hər zaman hər iki tərəfi etimadın qurulması tədbirlərində iştirak etməyə çağırmışıq”, - diplomat bildirib.
Səfir vurğulayıb ki, sərhədlərin demarkasiyası, saxlanılan ermənilər, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat dəhlizlərinin açılması, itkin düşənlərlə bağlı bütün məsələlərin həll edilməsinə ehtiyac var.
Diplomat əlavə edib ki, ABŞ fürsət yarandığı təqdirdə tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi prosesində iştirak etməyə hazırdır.
Səid Babazadə
Mirsəid İbrahimzadə