Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun APA-ya müsahibəsi
- Azərbaycana səfir təyin olunmanızdan artıq bir il ötür. İlk növbədə ölkəmizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.
- Azərbaycan Türkmənistan üçün müxtəlif sahələrdə sıx əlaqələr qurmaq baxımından Xəzər dənizi regionunda ən etibarlı tərəfdaşlardan biridir. Qardaş ölkəyə Türkmənistanın səfiri təyin olunmaq təbii ki, mənim üçün böyük şərəfdir. Bizim tarixi köklərimiz birdir, xalqlarımız əzəldən sülhü və mehriban qonşuluq münasibətlərini qoruyaraq çiyin-çiyinə yaşayıblar. Bu gün biz son bir neçə ildə ölkələrimiz arasında əməkdaşlığın miqyasının necə genişləndiyini görürük. Türkmənistan və Azərbaycan dövlət başçılarının yüksək səviyyəli görüşləri buna əyani sübutdur. Görüşlər zamanı iki dost ölkə arasında əməkdaşlığın normativ bazasını tamamlayan bir sıra mühüm hökumətlərarası sazişlər və digər sənədlər imzalanıb.

- Müstəqil Azərbaycan və Türkmənistan dövlətləri arasında əsası 1992-ci ildə qoyulmuş diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edildi. Bu dövrdə münasibətlərin inkişaf dinamikasını necə qiymətləndirirsiniz?
- Həqiqətən də, 30 ildən artıqdır ki, Türkmənistan və Azərbaycan müstəqillik yolu ilə gedirlər ki, bu da iqtisadiyyat, mədəniyyət, təhsil, elm, idman və s. sahələrin inkişafında tarixi nailiyyətlərin əldə olunmasını təmin edib. Ötən ilin iyun ayında biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Ölkələrimiz arasında əlaqələr belə bir qısa müddət ərzində strateji xarakter alıb. Türkmənistan və Azərbaycan dövlət başçılarının yüksək səviyyəli görüşləri buna sübutdur. Türkmənistan və Azərbaycana prezidentlərinin qarşılıqlı səfərləri, səfərlər zamanı aparılan müzakirələr və əldə olunan razılaşmalar gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Onlar həmçinin iki dost ölkə arasında əməkdaşlıq üçün normativ sənədlər bazasını tamamlayır.

- Ölkələrimiz arasında mövcud ticari-iqtisadi əlaqələr və ticarət dövriyyəsi ilə bağlı fikirlərinizi bölüşərdiniz. Ticarət dövriyyəsinin həcminin artırılması ilə bağlı təkliflər müzakirə olunur?
- Xalqlarımız xoş dostluq və qarşılıqlı hörmət ənənələrinə arxalanaraq, son onilliklər ərzində dövlətlərarası əməkdaşlığı, əvvəldə də qeyd etdiyim kimi, strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olublar. İkitərəfli əməkdaşlıq siyasi, ticari-iqtisadi, energetika, humanitar və bir çox digər sahələrdə dinamik inkişaf edir. Bu kontekstdə ötən il ərzində Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsinin 5 dəfə artdığını qeyd etmək olar ki, bu da rekord göstəricidir. Keçən ilin 29 noyabrında Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş altıncı iclası burada mühüm rol oynayır. Əminəm ki, iclas zamanı əldə olunmuş razılaşmalar səmərəli əməkdaşlığın daha da intensivləşdirilməsi üçün qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini verəcək. Həmçinin, əminəm ki, “Avaza”da (Türkmənbaşı şəhərində yerləşən milli turizm zonası-red.) keçirilmiş Türkmənistan-Azərbaycan-Türkiyə sammitinin nəticələri nəqliyyat-tranzit potensialının inkişafına, üç dövlətin vahid enerji qovşağına çevrilməsinə öz təsirini göstərəcək.

- Bilirik ki, Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər strukturlar çərçivəsində qarşılıqlı dəstək və sıx əməkdaşlıq edir. Ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq platformalarda daha da genişləndirilməsi istiqamətində hansı addımlar atılır?
- Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 30 il ərzində biz təkcə ikitərəfli formatda deyil, həm də nüfuzlu beynəlxalq təşkilatlar, ilk növbədə, BMT xətti ilə geniş qarşılıqlı fəaliyyət təcrübəsi toplamışıq. Bu baxımdan, Azərbaycan tərəfinin Türkmənistanın beynəlxalq siyasi arenadakı təşəbbüslərini, o cümlədən ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının 15-dən çox qətnaməsində birgə müəllifliyi dəstəkləməsinə dair çoxsaylı misallar göstərmək olar. Türkmənistan da öz növbəsində Azərbaycanın beynəlxalq aləmdə irəli sürdüyü təklifləri, eləcə də müxtəlif çoxşaxəli strukturlara seçkilərdə namizədliyini böyük hörmətlə dəstəkləyir. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında 2019-2023-cü illərdəki uğurlu sədrliyini qeyd etmək lazımdır ki, bu da bir daha ölkənin və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiqləyir.

- Ölkələrimiz arasında mədəni əlaqələrin daha yüksək səviyyəyə qaldırılması üçün hansı addımlar atılır?
- Türkmənistan-Azərbaycan əməkdaşlığının inkişaf etdirilməsi prosesində humanitar sahədə də qarşılıqlı fəaliyyət prioritet təşkil edir. Hər iki ölkənin elm və mədəniyyət xadimləri istər Türkmənistanda, istərsə də Azərbaycanda keçirilən beynəlxalq konfranslarda, sərgilərdə və digər tədbirlərdə fəal iştirak edirlər. Müxtəlif mədəni kütləvi tədbirlərin keçirilməsi, yaradıcılıq və elm sahələrinin ziyalıları arasında mütəmadi təmaslar ölkələrimiz arasında qurulan məhsuldar dialoqun zənginləşməsinə öz töhfəsini verəcək. Türkmənistan da öz növbəsində yaxın gələcəkdə qarşılıqlı Mədəniyyət Günlərinin təşkilinə açıq olduğunu bəyan edir.
Turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Burada əsas amil Türkmənistanın və Azərbaycanın zəngin tarixi-mədəni irsə, unikal zəngin təbiətə və böyük maraq doğuran tarixi abidələrə malik olmasıdır. Bundan əlavə, ölkələrimiz arasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY çərçivəsində qarşılıqlı əməkdaşlıq fəal xarakter daşıyır.

Məlum olduğu kimi, təşkilat iştirakçıları 2024-cü ili türk dünyasının görkəmli şairi, mütəfəkkiri Məxtumqulu Fəraqinin şərəfinə adlandırıblar və qədim türkmən şəhəri Anaunu 2024-cü ildə türk dünyasının mədəniyyət paytaxtı elan ediblər. Həmçinin türkmən şairi Məxtumqulu Fəraqinin 300 illik yubileyinin qeyd olunması Türk Dövlətləri Təşkilatının ötən ilin 11 noyabrında keçirilən Səmərqənd Zirvə Toplantısının Bəyannaməsində də öz əksini tapıb.
- Bu yaxınlarda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Çin Xalq Respublikasına ilk dövlət səfərini etdi. Beynəlxalq media yazırdı ki, hər iki ölkə liderləri Çin-Türkmənistan münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldildiyini bəyan ediblər. Aydındır ki, iki ölkə arasında əməkdaşlığın əsasını energetika sahəsində tərəfdaşlıq təşkil edir, bu səbəbdən də maraqlıdır ki, strateji əməkdaşlıq hansı istiqamətdə genişlənəcək?
- Tamamilə doğrudur, bu ilin 5-6 yanvar tarixlərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Çin Xalq Respublikasına dövlət səfəri etdi. Səfər çərçivəsində tərəflər məmnunluqla qeyd ediblər ki, iki ölkə və iki dövlət rəhbərlərinin arasında qurulmuş qarşılıqlı anlaşma və hörmət münasibətləri, hökumətlər və qurumlararası səviyyədə müntəzəm, məhsuldar təmaslarla yanaşı, bir sıra prioritet sahələrdə səmərəli qarşılıqlı fəaliyyət üçün əlverişli zəmin yaradır. Bu sahələrin ən mühümləri sırasına iki dost dövlətin inkişaf prioritetlərinə tam cavab verən ticari-iqtisadi, yanacaq-energetika, nəqliyyat-kommunikasiya, mədəni-humanitar sahələr daxildir.

- İki il əvvəl Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalayıb. Bu tarixi hadisə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir...
- Bu Memorandum ölkələrimiz tərəfindən uzun illər ərzində aparılan böyük işin nəticəsi olaraq imzalanıb və bu layihə iki böyük enerji dövlətinin geniş potensialının açılmasına və Xəzər dənizi regionunda energetika sahəsinin dayanıqlı inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəlib. Əminəm ki, bu layihə ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın gücləndirilməsinə və Türkmənistanla Azərbaycan arasında Xəzərdə bu sahədə əməkdaşlığın yeni mərhələlərinin açılmasına kömək edəcək ki, bu da möhkəm beynəlxalq hüquqi baza üzərində qarşılıqlı fəaliyyət üçün yeni imkanlar, irimiqyaslı xarici investisiyalar üçün əlavə stimullar, hər iki ölkənin milli iqtisadiyyatlarının inkişafı deməkdir.