Soltan Məmmədov: ABŞ-nin təzyiq dili ilə danışması səmərəsizdir

Soltan Məmmədov: ABŞ-nin təzyiq dili ilə danışması səmərəsizdir
# 28 noyabr 2023 17:59 (UTC +04:00)

Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında, iqtisadi əməkdaşlığın inkişafında həlledici rol oynayır. İstənilən ölkənin, o cümlədən ABŞ-nin Azərbaycanla hədə, təhdid və təzyiq dili ilə danışması səmərəsizdir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı bunu bir daha təsdiq edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində noyabrın 15-də keçirilmiş dinləmələr zamanı səsləndirdiyi qərəzli fikirlər ikitərəfli münasibətlərə mənfi təsir göstərib: “Bu dinləmələr ümumilikdə ABŞ-nin Cənubi Qafqazdakı nüfuzuna zərbə vurdu. Eyni zamanda, rəsmi Vaşinqtonun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində fəal və tərəfsiz vasitəçi ola biləcəyinə şübhələr yaratdı”.

Soltan Məmmədov nəzərə çatdırıb ki, Azərbaycan sülh sazişinin imzalanması üçün ən çox fəallıq göstərən tərəfdir. Ermənistan isə müxtəlif manevrlərlə sülhün əldə edilməsini gecikdirməyə çalışır: “Azərbaycan Prezidenti ABŞ dövlət katibi ilə telefon danışığında sülh müqaviləsinin mətni ilə bağlı 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim edilmiş təkliflərin 70 gün sonra cavablandırıldığını xüsusi olaraq vurğulayıb. Əslində bu fakt Ermənistanın sülh prosesinə münasibətinin göstəricisidir. Ona görə də regionda sülhə töhfə vermək istəyən dövlətlər Ermənistana təsir göstərməyə çalışmalıdır”.

Deputat bildirib ki, indi nəinki Cənubi Qafqazda, ümumilikdə beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verir. Belə bir həssas dövrdə regionda etibarlı və dayanıqlı sabitliyin əldə olunması daha çox bu bölgədə yaşayan xalqların maraqlarına xidmət edir: “Azərbaycan regionun aparıcı ölkəsi kimi öz öhdəliklərinə məsuliyyətlə yanaşır, qarşı tərəfdən və beynəlxalq tərəfdaşlardan da eyni yanaşmanı gözləyir. Bəzi ekspertlər, xüsusilə də amerikalı mütəxəssislər ABŞ-nin indiki mövqeyini belə əsaslandırmağa çalışır ki, guya Vaşinqton daha çox zəif tərəf olan, müharibədən məğlub çıxmış Ermənistana dəstək verməklə balans yaratmağa çalışır. Lakin 1990-cı illərdə Ermənistanın təcavüzkarlıq siyasəti vüsət alanda, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün düşəndə, 30 ilə yaxın bir dövrdə ərazilərimizin işğal altında saxlanılanda da biz ABŞ-dən ədalətli mövqe görmədik. O dövrdə də ABŞ məhz Ermənistanın mövqeyini müdafiə edirdi. Ona görə də üçüncü tərəflərin sülh prosesinə səmimi şəkildə töhfə verməsi üçün ən azı neytral mövqedən çıxış etməsi ən vacib şərtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR