Bank Of Baku

Talantbek Taşıbekov: TDT çərçivəsində dini siyasət üzrə koordinasiyanın gücləndirilməsi vacibdir

Qırğızıstan Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşıbekov

© APA | Qırğızıstan Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşıbekov

# 30 iyun 2026 12:55 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları arasında təcrübə mübadiləsinin və əlaqələndirilmiş fəaliyyət mexanizmlərinin yaradılması müasir çağırışlara qarşı birgə mübarizə baxımından mühüm əhəmiyyət daşıyır.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu Şuşada keçirilən TDT-yə üzv dövlətlərin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə Qırğızıstan Prezidenti yanında Dini Məsələlər və Millətlərarası Münasibətlər üzrə Milli Agentliyin sədri Talantbek Taşıbekov bildirib.

O qeyd edib ki, informasiya texnologiyalarının inkişafı, miqrasiya prosesləri və digər qlobal tendensiyalar dini və ideoloji sahədə dövlətlər arasında daimi təcrübə mübadiləsini zəruri edir.

Talantbek Taşıbekov vurğulayıb ki, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər TDT ölkələri arasında dini siyasət, mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Onun sözlərinə görə, dini məsələlər üzrə məsul dövlət qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsi, ekspert mübadiləsinin genişləndirilməsi, birgə elmi və təhsil layihələrinin həyata keçirilməsi, dini savadlılığın artırılması və tolerantlıq mədəniyyətinin təşviqi prioritet istiqamətlərdəndir.

Agentlik sədri gənclərin inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, təhsil mübadiləsi, elmi əməkdaşlıq və mədəni əlaqələrin genişləndirilməsi Türk dünyasının gəncləri arasında qarşılıqlı anlaşmanı daha da möhkəmləndirəcək.

Talantbek Taşıbekov əlavə edib ki, Qırğızıstan dini və humanitar sahələrdə qarşılıqlı hörmət, bərabərlik və milli xüsusiyyətlərin nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlığın inkişafını dəstəkləyir və bu istiqamətdə bütün təşəbbüslərə açıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR