Fevralın 21-də Azərbaycanın baş naziri Artur Rasizadə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən danışan baş nazir iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan A. Rasizadə xüsusən, kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, logistika, turizm və humanitar sferalarda birgə layihələrin səmərəliliyini vurğulayıb.
Daha sonra İranlı qonaq nümayəndə heyətinin səfər müddətində keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə baş nazirə məlumat verib.
Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm, ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Artur Rasizadə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Xocalı soyqırımının ağır nəticələrini xatırladan baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını nəzərə çatdırıb və mövcud münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıb.
Əmir Hatəmi bildirib ki, İran beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir.