“Bizim təşkilat iqtisadi təşkilatdır. Burada siyasi məsələlər və ümumiyyətlə, münaqişələr müzakirə olunmur”.
APA-nın məlumatına görə, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev deyib. O bildirib ki, buna baxmayaraq, Azərbaycan nümayəndə heyəti hər zaman çıxışlarında bu məsələlərə dolayı yolla toxunur: “Çünki məqsəd Azərbaycanın torpaqlarının işğal altında olduğunu dünyaya çatdırmaqdır. Azərbaycanın bir milyon qaçqını var və buna baxmayaraq, Azərbaycan inkişaf edir. Ölkə başçısının dediyi kimi, Azərbaycanın bir qarış torpağı da müzakirə predmeti ola bilməz. Bu təşkilatda da biz iştirakçılara bunu hər zaman çatdırmalıyıq”.