Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Pakistan Respublikası baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov həmkarına ünvanladığı məktubunda ortaq tarixi, mədəni və dini dəyərlərlə xarakterizə olunan Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələrdə uğurla inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, ölkə başçılarının qarşılıqlı səfərlərinin, bu yaxınlarda Pakistanın baş nazirinin Azərbaycana səfərinin, eyni zamanda beynəlxalq və regional arenada qarşılıqlı dəstəyin ölkələr arasında əlaqələrin əhəmiyyətli inkişafına təkan verdiyini qeyd edib. Nazir iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın Azərbaycan və Pakistan xalqlarının firavanlığına, eyni zamanda regional sülh, təhlükəsizlik və davamlı inkişafa xidmət edəcəyinə ümidvar olduğunu söyləyib. O, iki ölkə arasında uğurlu əməkdaşlığın, qarşılıqlı inam və anlaşmaya əsaslanan Azərbaycan-Pakistan qardaş münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında tezliklə həllinə dair Pakistanın prinsipal mövqeyinə, bununla bağlı Pakistan Senatı və Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə görə təşəkkürünü bildirib.
Pakistan baş nazirinin xarici işlər üzrə məsləhətçisi Sərtac Əziz Elmar Məmmədyarova ünvanladığı məktubunda Pakistan və Azərbaycan arasında tarixi, dini və mədəni əlaqələrin ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlıqda təzahür etdiyini diqqətə çatdırıb. S. Əziz Pakistanın siyasi, iqtisadi, enerji və müdafiə sahələrində qardaş Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Nazir Azərbaycan xalqına davamlı sülh və firavanlıq arzu edib.