Bakıda Hindistanın milli bayramı qeyd edilib

Bakıda Hindistanın milli bayramı qeyd edilib
# 26 yanvar 2018 16:55 (UTC +04:00)

Bu gün Bakıda Hindistan Respublikasının 69-cu  ildönümü münasibətilə qəbul və mədəni  proqram təşkil edilib.

 

APA-nın xəbərinə görə, tədbirdə Xarici  İşlər Nazirliyinin, digər dövlət qurumlarının, diplomatik korpusun nümayəndələri iştirak edib.

 

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana çıxış edərək ölkəsində vətəndaşların rifahı və davamlı, inklusiv inkişaf üçün həyata keçirilən böyük iqtisadi  islahatlardan söz açıb. O, Hindistanın Azərbaycanla bütün sahələrdə dostluğu  və əməkdaşlığı möhkəmləndirmək  arzusunda  olduğunu vurğulayıb. 

 

Səfirin sözlərinə görə, Azərbaycan və Hindistan arasında qarşılıqlı  əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Səfir hər iki ölkənin  Beynəlxalq Şimal-Cənub  Nəqliyyat  Dəhlizini inkişaf etdirmək üzərində çalışdığını qeyd edib: "Hindistan 2017-ci ilin noyabrında fəaliyyət  göstərməyə başlayan İrandakı Çanbahar limanını inkişaf  etdirib və bu liman  Hindistan limanlarını Azərbaycan və digər ölkələrlə birləşdirəcək".

 

Səfir bildirib ki, Hindistanın ONGC - Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda  paya malik tərəfdaşıdır. Səfir qeyd edib ki, Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı ( İTEC) çərçivəsində Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində  xərclərin tam qarşılandığı təlim proqramları və İCCR təqaüd proqramı təklif edir. Səfir deyib ki, 2017-ci ildə iki ölkə arasında  ikitərəfli ticarət dövriyyəsi 60 %-dən artıq artaraq 540 milyon ABŞ dollarına  çatıb.

 

Tədbirdə çıxış edən Azərbaycan  Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Hindistan xalqına sülh və firəvanlıq arzu edib.  O, xalqların rifahı naminə Azərbaycan və Hindistan arasında dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafına ümidini ifadə edib.  O, tibb və əczaçılıq, infrastruktur, İT və telekommunikasiyalar, kənd təsərrüfatı, enerji, o cümlədən alternativ enerji, səhiyyə və turizm sektorlarında  Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini  vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR