Rusiya paytaxtında 31 Mart-azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbir keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən tədbirdə Rusiya və Azərbaycanın ictimaiyyət nümayəndələri, tarixçilər, siyasi ekspertlər və diaspor fəalları iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 31 mart soyqırımın Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini bildirib: "1918-ci il Azərbaycanın tarixində həlledici əhəmiyyətə malikdir. 100 il bundan qabaq, 1918-ci ilin martında Bakıda və Bakı quberniyasında minlərlə insanın, əsasən də müsəlmanların qırğını ilə nəticələnən hadisələr baş verib. Sovetlər İttifaqı dövründə Azərbaycan tarixi bu hadisələr haqqında susub. Bu hadisələr ya təhrif edilib, ya da vətəndaş müharibəsi kimi təqdim edilib. Ancaq 20 il bundan qabaq, 1998-ci il martın 26-da Azərbaycanın prezidenti Heydər Əliyev 31 martı tarixinin azərbaycanlıların soyqırımı günü kimi elan olunması haqqında sərəncam verib. Sərəncamda qeyd olunub ki, Azərbaycanın müstəqillik əldə etməsi Azərbaycan xalqının tarixi keçmişinin obyektiv mənzərəsini yenidən yaratmağa imkan verir".
Səfir qeyd edib ki, keçmişi qiymətləndirməyə əsaslanan 26 mart 1998-ci il tarixli sərəncam gələcəyə müraciətdir və yeni nəsillər üçün xəbərdarlıqdır: "Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın "Xocalıya ədalət" beynəlxalq hərəkatının vacibliyini bir daha xatırlatmaq istəyirəm. Onun çoxsaylı çıxışları və səfərlər sayəsində müxtəlif tədbirlərdə dünya ictimaiyyətinə bizim gözümüzün qarşısında baş verən müasir faciə haqqında informasiya çatdırılması istiqamətində real nəticələr almağa nail olunub. Hazırkı dövrdə müharibələr təkcə döyüş meydanında deyil, insanların ağlında və qəlbində aparılır. Ona görə də bizim-diplomatların, alimlərin, jurnalistlərin və ümumilikdə sadə insanların vəzifəsi əsas döyüşü uduzmamaq, yorulmadan dünya ictimaiyyətinə Azərbaycan xalqına qarşı törədilən soyqırımı haqqında həqiqətləri çatdırmaqdır".
Milli Məclis Aparatının Hüquq şöbəsinin müdiri, BMT-nin cinayətkarlıq üzrə Vyana İdarəsinin eksperti, hüquq elmləri doktoru Nizami Səfərov isə çıxışında soyqırımı aktlarına verilən hüquqi qiymət problemindən danışıb. O, problemin əsas tərkib hissələrindən birinin soyqırımı, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərə görə cəzasızlığın aradan qaldırılmasının olduğunu söyləyib.
Sonra Azərbaycan Milli Tarix Muzeyinin elmi katibi Fərhad Cabbarov, Rusiya Elmlər Akademiyasının slavyanşünaslıq institutunun baş elmi əməkdaşı İlqar Məmmədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, israilli ekspert Arye Qut çıxış ediblər.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova isə Fondun rəhbəri Mehriban Əliyeva tərəfindən bütün bu məsələlərə xüsusi diqqət yetirildiyini bildirib: "Fondun həyata keçirdiyi layihələr bunun sübutudur. Heydər Əliyev Fondu 1918-ci ildə Azərbaycanın dinc əhalisinə qarşı törədilən soyqırımı haqqında bir neçə dildə bukletlər hazırlayıb. 2010-cu ildə Qubada Soyqırımı kompleksi ucaldılıb. Fond azərbaycanlılara qarşı törədilən soyqırımı haqqında tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda fəaliyyətini davam etdirir".