Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Dan İankunun etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, fəxri qarovul dəstəsinin qarşısından keçən Dan İanku etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Azərbaycan prezidenti Azərbaycanla Rumıniyanın strateji tərəfdaş olduğunu bildirib, ölkəmizin dövlətlər arasında əməkdaşlığı genişləndirmək və tərəfdaşlığımızı ikitərəfli, eləcə də Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əlaqələri çərçivəsində gücləndirməkdə maraqlı olduğunu deyib. Prezident İlham Əliyev Rumıniyanı Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarından biri kimi dəyərləndirib.
Səfir Dan İanku ölkələrimizin strateji tərəfdaş olduğunu vurğulayıb. Rumıniyalı diplomat ölkəmizə gələrkən inkişafın və böyük potensialın, həmçinin Bakının möhtəşəmliyinin şahidi olduğunu deyibi. Səfir Azərbaycanı Şərq ilə Qərbin, Cənubla Şimalın yolayrıcında yerləşən, zəngin və qədim tarixi və mədəniyyəti olan bir ölkə kimi xarakterizə edib. Azərbaycanda tolerantlıq ənənələrinin böyük tarixi olduğunu qeyd edən Dan İanku Roma Papası Fransiskin ölkəmizə səfərini Azərbaycanda tolerantlığa, müxtəlifliyə, harmoniyaya ehtiramın əməli ifadəsi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini də qəbul edib.
Qətərin Azərbaycana dost ölkə olduğunu qeyd edən səfir Prezident İlham Əliyevin dəstəyi ilə ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında dost və qardaş münasibətlərinin olduğunu vurğulayıb. Qətər Dövlətinin Əmiri ilə bir sıra beynəlxalq forumlar çərçivəsində də görüşdüklərini deyən dövlət başçısı ikitərəfli münasibətlər, həmçinin regional məsələlər ətrafında aparılan fikir mübadiləsinin önəmini diqqətə çatdırıbı.
Söhbət zamanı iki ölkə arasında əməkdaşlıq əlaqələrinin bir sıra sahələrdə, xüsusən kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malik olduğu bildirilib.
***
11:28
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Dövlət başçısı bu gün həmçinin Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib.