“Bizim Aİ-də sədrliyimizin əsas prioritetlərindən biri şərq ölkələri ilə əməkdaşlığı gücləndirmək olacaq”.
APA-nın məlumatına görə, bu sözləri Estoniyanın xarici işlər naziri Sven Mikser Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O xatırladıb ki, Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar gedir: “Ümid edirəm ki, tərəflər arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq və biz bunun sürətini artırmağa çalışacağıq. Bu müqavilənin məzmunu çox vacibdir”.
Eston nazir qeyd edib ki, iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün böyük potensial var: “Ölkələrimiz arasında ticarət dövriyyəsi cüzidir. Amma Azərbaycan bizim üçün vacib ölkədir. Enerji və qaz təminatında Azərbaycan vacib tərəfdaşdır. Daşınma və nəqliyyat sahəsində imkanlar var”.