BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Macarıstanın Beynəlxalq Türk Akademiyasına (TWESCO) müşahidəçi statusu almaq üçün etdiyi müraciətə baxılıb və tələb yekdilliklə qəbul edilib.
APA-nın xəbərinə görə, görüşdə əsasən Türk Şurasının son dövrlərdəki fəaliyyəti və gələcək planlara dair məsələlər müzakirə edilib.
Eyni zamanda 11 sentyabr 2015-ci ildə Astanada keçirilən Türk Şurası sammitində qəbul edilən qərarların icrası və Qırğızıstanda keçiriləcək növbəti sammitə hazırlıq işləri gündəmdə olub. Nazirlər həmçinin Türk Şurası ilə BMT nəzdindəki beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirməsini qərara alıblar.
Görüşdə rotasiya əsasında Türk Şurasına növbəti baş katibin Qazaxıstan tərəfindən irəli sürüləcəyi də dəqiqləşdirilib. Bu, Türk Şurasının baş katibi Ramil Həsənovun vəzifə müddətinin başa çatması ilə bağlıdır. Tərəflər yeni baş katibin nə zaman və hansı müddətə təyinatı barədə əlavə açıqlama veriləcəyini bildiriblər.
Məlumat üçün bildirək ki, bu ilin iyun ayında Beynəlxalq Türk Akademiyasını (TWESCO) ziyarət edən Macarıstanın xarici ticarət və xarici işlər naziri Piter Siyarto ölkəsinin TWESCO-ya tam müşahidəçi statusunu qazanmaq üçün rəsmi müraciətini təqdim edib.