TürkPA baş katibi Altınbek Mamayusupov Qazaxıstanın Bakıdakı səfirliyində olub.
TürkPA mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Mamayusupov səfir Beybit İsabayevlə görüşüb.
Görüş zamanı A. Mamayusupov təşkilatın qarşıdan gələn fəaliyyəti barədə səfirə məlumat verib. Tərəflər 2018-ci ildə TürkPA-nın 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı həyata keçiriləcək işlərlə bağlı fikir mübadiləsi aparıblar.
Baş katib TürkPA-nın açıq dialoq, qlobal dostluq və sülhə əsaslanaraq türkdilli dövlətlər arasında parlamentlərarası əməkdaşlığın mühüm platforması kimi inkişaf etdiyini vurğulayıb.
B. İsabayev isə türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında TürkPA-nın səylərini yüksək qiymətləndirib və Qazaxıstanın Assambleyanın bütün təşəbbüs və öhdəliklərinə tam dəstək verəcəyini vurğulayıb.
Həmçinin tərəflər Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya səfəri məsələsini müzakirə ediblər.