Milli Məclisin sədri Oqtay Əsədov ölkədə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov bildirib ki, ənənəvi dostluq əlaqələrinə malik Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr müstəqillikdən sonra keyfiyyətcə yeni səviyyəyə yüksəlib: “Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik. Əlaqələrimizin dərinləşməsində parlamentlər mühüm rol oynaya bilər. Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir. Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Zənnimizcə, bu sahədə fəaliyyətin genişlənməsi ümumi işin xeyrinə olardı”.
P. Klimkin isə deyib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir. Qonaq bu sahədə parlamentlərin rolunun əhəmiyyətini vurğulayaraq, qanunvericilik orqanları arasında münasibətlərin genişlənməsini önəmli hesab edib.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında söhbətlər aparılıb.