Baş nazirin müavini, YAP sədrinin müavini – icra katibi Əli Əhmədov martın 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Müvəqqəti müşahidə missiyasının rəhbəri xanım Korin Yonkeri partiyanın mənzil-qərargahında qəbul edib.
APA-nın xəbərinə görə, görüşdə Əli Əhmədov Yeni Azərbaycan Partiyasının aprelin 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq işlərindən bəhs edərək, seçkilərin ədalətli və şəffaf keçiriləcəyinə əminliyini ifadə edib.
Korin Yonker görüşdən məmnunluğunu bildirərək, qurumun Azərbaycanda seçkilər prosesinə maraq göstərdiyini bildirib.
Görüşdə YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak ediblər.