Azərbaycan-Somali əlaqələrinin intensiv şəkildə inkişafında müsbət dinamikanın olmasından məmnunuq.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, qarşılıqlı səfərlər çərçivəsində bir sıra sazişlər imzalanıb, həmin sazişlərin icrasına başlanması üçün ötən aylar ərzində bir çox qarşılıqlı səfərlər edilib: “Uzun illər ərzində bir sıra, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Somalinin qarşılıqlı maraqları nəzərə alınır. Bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı kimi platformalarda nümunəvi əməkdaşlıq həyata keçiririk. Uzun illər ərzində Somali İƏT-də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı yaradılan təmas qrupunun üzvü olub. Eyni zamanda, Azərbaycan da Somalinin ərazi bütövlüyünə və suverenliyinə dəstək verməkdədir”.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, Somali beynəlxalq aləmdə də çox fəal xarici siyasət həyata keçirir: “Somali ötən il rəqabətli şəkildə BMT TŞ-nin 2025-2026-cı illər üçün qeyri-daimi üzvü seçilib. Azərbaycan bu seçimlərdə Somaliyə dəstək verib”.