Ziyafət Əsgərov: Azərbaycan Prezidenti Paris və İrəvana birmənalı mesaj verdi

Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 26 noyabr 2022 18:17 (UTC +04:00)

"Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında ATƏT-in Minsk qrupu ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməyəcəyini bir daha bəyan etdi".

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Ziyafət Əsgərov deyib ki, dövlət başçısının da qeyd etdiyi kimi, Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Azərbaycan da Ermənistanla müəyyən razılıqlara gəlmək üçün Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. Parlamentin komitə sədri Ermənistanın Qarabağla bağlı illüziyasına da son qoymasını vacib sayıb: “Azərbaycan Prezidenti konfransda bir daha vurğuladı ki, bu, qətiyyən mümkün deyil, biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir. Praqa bəyanatında keçmiş sovet respublikalarının inzibati sərhədlərini faktiki formalaşdıran 1991-ci il Almatı bəyannaməsinə istinad edilir və bu da o deməkdir ki, Qarabağ erməniləri üçün hansısa statusun olması ilə bağlı hər hansı spekulyasiyadan söhbət gedə bilməz. Praqa görüşünün nəticəsi Azərbaycan üçün uğurludur, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdı. Digər tərəfdən, Brüsseldəki bu qarşılıqlı əlaqələr sayəsində iki istiqamət üzrə razılıq əldə olunub. Bunlardan biri Ermənistan-Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar, ikinci yol isə bizim Qarabağdakı erməni azlığın nümayəndələri ilə onların hüquqları və təhlükəsizliyi bağlı danışıqlarımızdır”.

Parlamentin komitə sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşdə Fransa Prezidenti Emmanuel Makronun iştirakı şərtini irəli sürməsinə reaksiyası da həm Ermənistana, həm də Fransaya açıq və birmənalı mesajdır: “Dövlət başçısı Praqa görüşünün keçirilməyəcəyini nəzərə çatdırdı. Çünki oktbyarın 6-da keçirilən görüşdən heç bir həftə keçməmiş Fransa Prezidenti öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırıb. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olunub. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi olub. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb. Dövlət başçısı vurğuladı ki, belə bir şəraitdə tərəf tutan Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Bu da Paris və İrəvana birmənalı mesajdır. Ermənistan hakimiyyəti artıq hiylə siyasətindən əl çəkməlidir. Artıq Ermənistan dərk etməlidir ki, illüziyalara yol yoxdur, Ermənistanın gələcəyi üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət əsasında sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdir”.

Ziyafət Əsgərov nəzərə çatdırıb ki, Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamış və Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı: “Dövlət başçısının da qeyd etdiyi kimi, indi vəziyyət başqadır və Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan və heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq. Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu Azərbaycandan keçir. Çünki Ermənistan-İran sərhədinin coğrafiyası və tunellərin tikilməsi zərurəti bu dəmir yolunun dəyərini minimum 3-5 milyard dollar edəcək. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu da Azərbaycandan keçir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR