Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada beynəlxalq festivalda iştirak edib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyada beynəlxalq festivalda iştirak edib
# 15 oktyabr 2014 09:36 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Perm şəhərində keçirilən I Beynəlxalq Martin MakDonax Festivalında iştirak edib.

Teatrdan APA-ya verilən məlumata görə, festivalda teatrın kollektivi dramaturqun “Lineynin trilogiyası”na daxil olan “Yalqız Qərb” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib.

Quruluşçu rejissoru Böyük Britaniyadan dəvət olunan teatr rejissoru Yan Uilem Van Den Boş, rejissoru Gülnar Hacıyeva, işıq üzrə rəssamı Maykl Manyon, quruluşçu rəssamı Elizabet Kuk, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov olan tamaşada rolları Nigar Məmmədova, Rasim Cəfərov, Anar Səfiyev və Vüsal Mehrəliyev ifa ediblər.

Festivalda Azərbaycanla yanaşı, Almaniya, Polşa, Çexiya, Avstriya, Böyük Britaniya, Bosniya və Herseqovina kimi ölkələrin, habelə Moskva, Perm, Sankt-Peterburq və İjevsk şəhərlərinin teatr kollektivləri iştirak ediblər.

“Yalqız Qərb” tamaşası oktyabrın 12-də Permdə fəaliyyət göstərən “U mosta” teatrının böyük səhnəsində nümayiş etdirilib. Tamaşadan sonra münsiflər heyətinin iştirakı ilə müzakirələr aparılıb, habelə mətbuat konfransı keçirilib. Tamaşa festivalın fəxri diplomuna və xüsusi mükafata layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR