Bakı-APA. Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi İsmət Ağayevin müsahibəsi
Qeyd: Ağayev İsmət Fabil oğlu 1998-ci ildə Quba rayonunun Çağacıq kəndində anadan olub. O, orta təhsilini bir neçə orta ümumtəhsil məktəbində alıb. Belə ki, İsmət Ağayev 2004-cü ildə Çağacıq kənd ibtidai məktəbinə, 2008-ci ildə Paşa-oba kənd orta məktəbinə daxil olub. O, təhsilini 2010-cu ildə Quba Özəl Türk Liseyində davam etdirib. İsmət Ağayev 2015-ci ildə Quba Texniki Təmayüllü Liseyinin Eksperimental Pilot Sinifləri məktəbini bitirib. O, 2013-cü ildə Respublika Fənn olimpiadasında “Riyaziyyat” fənni üzrə gümüş medal, həmin il Türkiyədə keçirilən 17-ci Azyaşlıların Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 2014-cü ildə Qazaxıstanda keçirilən 10-cu Beynəlxalq Jautikov Olimpiadasında həvəsləndirici mükafat, Respublika fənn olimpiadasında “Riyaziyyat” fənni üzrə bürünc medal, Bolqarıstanda keçirilən 31-ci Balkan Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, Cənubi Afrika Respublikasında keçirilən 55-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafat, 2015-ci ildə Respublika fənn olimpiadasında qızıl medal alaraq “Birincilər birincisi” adını qazanıb. O, həmin il Yunanıstanda keçirilən 32-ci Balkan Riyaziyyat Olimpiadasında bürünc medal alıb. İsmət Ağayev 2015-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq, BANM “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub, Prezident təqaüdçüsüdür.
- İsmət, sınaq imtahanlarında nəticələrin necə olub? Qəbul imtahanında yüksək bal toplayacağına inanırdınmı?
- Sınaq imtahanlarının ikisində iştirak edib, uyğun olaraq 565 və 649 bal yığmışam. Üçüncü və dördüncü sınaq imtahanları keçirilən zaman respublika və beynəlxalq fənn olimpiadalarında olduğum üçün iştirak edə bilməmişəm. Özümə inamım tam idi. Əlbəttə, yaxınlarım da mənə inanır, məni ruhlandırırdılar.
- Niyə məhz BANM-i seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?
- Mühəndisliyə həvəsim böyük olduğundan və bu Ali Məktəbin perspektivli ali təhsil ocağı olması mənim seçimimdə əsas faktor oldu. BANM dörd il bundan öncə fəaliyyətə başlamasına baxmayaraq, hər il reytinq cədvəlində ilk sıralarda yer alır. Bu göstərici də seçimimin səbəblərindən biridir.
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Burdakı təhsili necə dəyərləndirirsən?
- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə məsləhətim odur ki, hədəfləri olsun və “Mən buna nail ola bilərəm” deməyi bacarsınlar. Buradakı təhsil öz obyektivliyi ilə seçilir. BANM-də yalnız yüksək bal toplayanlar təhsil aldığından rəqabət də güclüdür. Rəqabət də tələbənin uğur əldə etməsinə sövq edir.
- Özünü gələcəkdə harada görürsən?
- Özümü gələcəkdə peşəkar mühəndis kimi görürəm. Təbii ki, buna nail olmaq üçün nə lazımdırsa edəcəyəm. Arzum SOCAR-da mühəndis olmaqdır.
- Boş vaxtlarında nə ilə məşğul olursan? Hansı məşğuliyyətlərin və hobbin var?
- Boş vaxtlarımda televizora baxmağı, internetdən qeyri-adi məlumatları öyrənməyi xoşlayıram. Hobbim futbol oynamaqdır. Futbol mənim uşaqlıqdan sevdiyim və məşğul olduğum idman oyunudur. Daim dünya futbolu ilə bağlı nəticələri izləyirəm.
- Humanitar fənlərə və ədəbiyyata marağın varmı?
- Dəqiq elmləri sevsəm də, humanitar fənlərə də marağım var. Nəsr əsərlərinə nisbətən daha çox nəzm əsərləri diqqətimi cəlb edir.