Roma Papası: Türkiyə və Azərbaycana qarşı, Ermənistanın yanında - TƏHLİL – YENİ VERSİYA

Roma Papası: Türkiyə və Azərbaycana qarşı, Ermənistanın yanında - <span style="color: red;">TƏHLİL – YENİ VERSİYA
# 04 dekabr 2014 13:56 (UTC +04:00)

Birtərəfli, qeyri-səmimi və absurd məqamlarla dolu bəyanat iki cəhətdən diqqəti cəlb edir. Birincisi, Papa bu çağırışı ilə Türkiyəyə qarşı, Ermənistanın yanında yer aldığını rəsmiləşdirdi, ikincisi, bəyanata veriləcək reaksiya Türkiyənin Ermənistan siyasətində açıqlanmayan “yol xəritəsi”nin konturlarını cızmağa əsas verəcək.

Verilən bəyanat katolik kilsəsinin Türkiyə-Ermənistan münasibətlərinə faktiki müdaxiləsidir. Roma Papası dini hakimiyyəti təmsil etsə də, katolik kilsəsi dünyada ciddi gücə sahib olsa da, Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlı olması dünyəvi problemdir. Məntiqlə Vatikan rəhbərinin bu prosesə birtərəfli formada müdaxiləsi yolverilməz və absurddur (baxmayaraq ki, Vatikanın tarixi və Papanın siyasətdə rol almasına dair minlərlə belə absurd faktla doludur). Elə qondarma “erməni soyqrımı”nı tanımış dövlətin və kilsənin rəhbərini ən yüksək səviyyədə qarşılanmasının absurd olduğu kimi.

Mahiyyət Roma Papasının hansısa dünyəvi problemin həllinə çağırışında deyil, çağırışın birtərəfli olmasındadır. Türkiyə Ermənistanla sərhədləri həm də özünə qarşı yönələn qondarma “soyqırımı” tələblərinə görə bağlayıb. Papanın bu çağırışı Türkiyənin mövqeyi ilə daban-dabana ziddir, çünki katolik kilsəsinin rəhbəri faktiki olaraq türklərin 1915-ci ildə ermənilərə qarşı soyqırımı törətdiyi “gerçəyindən” çıxış edir və sərhədlərin açılmasını tələbini irəli sürməklə Türkiyənin mövqeyini qəbul etmədiyini nümayiş etdirir.

Digər birtərəfli yanaşma kilsənin 1915-ci il hadisələrinə münasibəti ilə bağlıdır. Vatikan “soyqırımı” tanıyan ölkə kimi “bu hadisələrə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir” prinsipinin üzərindən qalın bir xətt çəkib və məsələdə Ermənistanın yanında yer alıb. I Fransiskin bəyanatında səmimi notlar yoxdur, çünki Roma Papasının “erməni soyqırımı”na münasibəti o zaman səmimi qəbul edilərdi ki, o, Xocalı soyqırımına, Srebrenitsa soyqırımına da eyni münasibəti bəsləsin. Eyni zamanda Papanın sözləri o zaman səmimi olardı ki, o, Türkiyə-Ermənistan sərhədlərinin açılması çağırışından əvvəl sərhədlərin bağlanmasının əsas səbəblərini açıqlamış olsun.

Roma Papasının Ermənistanla sərhədlərin açılması tələbi Türkiyəyə təzyiq vasitəsidirmi? Əslində deyil, çünki Papa I Fransisk erməni lobbisinin ən güclü mövqedə olduğu ölkənin – Argentinanın təmsilçisidir və hazırda qondarma “erməni soyqırımı”nı tanımış bir dövlətin – Vatikanın rəhbəridir. Bu səbəbdən Papa Ermənistanla sərhədlər məsələsinə toxunmasaydı, daha maraq kəsb edərdi. I Fransiskin “Türkiyə-Ermənistan sərhədləri açılmalıdır” bəyanatı gözlənilən idi, prosesin maraqlı tərəfi bu deyil, rəsmi Ankaranın verilən bəyanata münasibətidir.

Çünki bu münasibət Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsində gerçək mövqeyini ortaya qoyacaq. Ankaranın bu bəyanata reaksiyası üç formada ola bilər:

  1. Sərt mövqe - Türkiyə Ermənistanla sərhədlərin niyə bağlı olduğunu və hansı şərtlər daxilində açıla biləcəyini bir daha rəsmi şəkildə bəyan edə, Vatikanı bu prosesdə birtərəfli mövqe tutmaqda ittiham edə bilər.
  2. Yumşaq mövqe - Türkiyə Ermənistanla sərhədlərin açılmasına hazır olduğunu, bu istiqamətdə zamanında addımlar atıldığını, lakin bu addımların nəticəsiz qaldığını açıqlaya, hər şeyə rəğmən Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində işlər görülə biləcəyinə işarə vura bilər.
  3. Dolayı mövqe - Ankara Roma Papasının bəyanatına reaksiya vermir, əvəzində mətbuat vasitəsilə “Türkiyəyə qarşı ciddi təzyiqlər mövcuddur” şəklində ictimai rəy formalaşdıra, medianın imkanlarından yararlanaraq 100 illik ərəfəsində Ermənistanla münasibətlərin yumşaldılmasının zəruri olduğunu əsaslandırmağa çalışa bilər.

Sərt mövqe nümayişi Türkiyənin öz maraqları ilə yanaşı strateji müttəfiqi Azərbaycanın maraqlarını nəzərə alacağı halda mümkündür. Lakin Türkiyənin Ermənistan siyasətində izlədiyi yol göstərir ki, Roma Papasının bəyanatına qarşı sərt mövqe qoyulmayacaq.

Yumşaq mövqe katolik kilsəsinə, Ermənistana, Azərbaycana və daxili ictimai rəyə hesablanan bir mövqedir və Ankara bu mövqedən çıxış edərsə, bütün tərəflər arasında manevr etmək (hamını razı salmaq) imkanı qazanar.

Ankaranın dolayı mövqe nümayiş etdirməsi Ermənistan siyasətində ciddi dəyişikliklərə hazır olduğunu göstəricisi sayılacaq. Bu baxımdan Papanın bəyanatından sonra mətbuatın tutacağı mövqeni izləmək, monitorinq etmək vacibdir.

Katolik kilsəsinin və bu kilsənin üstqurumu olan Vatikan dövlətinin əsas missiyalarından biri tolerantlıq və humanizmə dayanan mesajlar verilməsidir. Vatikan katolik dünyasının mərkəzi olmaq üstünlüyündən daim yararlanaraq bu dinin humanizm prinsiplərinə əsaslandığı kimi dolayı missioner fəaliyyət həyata keçirir. Bu səbəbdən Roma Papasının hər mesajı humanizm və tolerantlıq prinsiplərini ehtiva etməlidir və çox zaman edir də. Verilən bu mesajlar xristianlığa və katolik kilsəsinə artan etimad şəklində divident olaraq kilsəyə qazanc şəklində geri qayıdır. Tərəfdar kütləsini və kilsəyə olan etimadı artırmaq üçün verilən mesajlar obyektivliyi ilə seçilməlidir və bu səbəbdən din xadimləri həmişə mesajlarında balansın qorunmasına diqqət yetirirlər. Lakin I Fransiskin İstanbulda verdiyi mesajlar bu prinsiplərlə ayaqlaşmayıb və birtərəfli olub.

Ermənistanın yanında mövqe tutan Papa qeyri-səmimiliyi ilə təkcə Türkiyəyə deyil, Azərbaycana da qarşı mövqe tutduğunu ortaya qoyub. Tarixçilərin araşdırmalı olduğu qondarma “soyqırımı” məsələsinə və bu iddiaların nəticəsi olaraq meydana çıxmış bağlı sərhədlər faktına münasibət bildirən Papa təbii ki, Ermənistanın işğalçı siyasətindən (bu fakt BMT-nin 4 qətnaməsində öz əksini tapıb), qonşu dövlətin ərazisinin 20 faizini işğal etməsindən xəbərsiz deyil. “Soyqırımı qurbanları”nın xatirəsini həmişə yad edən katolik kilsəsinin rəhbəri 1915-ci ildə öldürüldüyü iddia olunan ermənilərin sayı qədər insanın son 25 ildə məhz Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşadığından da xəbərdardır. Əgər Roma Papası humanizmi təcəssüm etdirirsə, o zaman mülki şəxsləri girov götürən, 9 yaşlı uşağı snayper atəşi ilə şəhid edən bir ölkənin maraqları üçün bu qədər tər tökməzdi. Humanizm həm də ədalət deməkdir, Türkiyədən sərhədlərin açılmasını tələb edən Roma Papasının ədaləti varsa, ədalət tərəzisinin (əgər varsa) gözündə işğalçı, humanizm prinsiplərini tapdayan, monoetnik tərkibə sahib Ermənistan çoxmillətli və tolerant Azərbaycandan ağır gəlməzdi.

Buna görə də səfərin mahiyyəti və verilən bəyanatın nəticəsi belədir – Roma Papası Türkiyə və Azərbaycana qarşı, Ermənistanın yanındadır. Və bu, yenilik deyil, çünki qloballaşma dövründə belə din və etnik kimlik faktoru siyasətdə öz ağırlığını saxlamaqdadır. Bütün proseslərdə arxa planda qalan bu faktorlar əslində çox zaman (özəlliklə də Qafqaz və Yaxın Şərqdə) proseslərin əsas istiqamətverici qüvvəsidir. Humanizmi təcəssüm etdirməli olan Roma Papası isə dinin siyasətdə ağırlığını artıran şəxslərdən biri yox, birincisidir.

Türkiyəni Ermənistan siyasətində güzəştlərə məcbur etmək üçün edilən təzyiqlərin bir pozitiv tərəfi də var - təzyiq həm də məruz qalan tərəfləri birləşdirir. Bu səbəbdən Ankara yol ayrıcındadır: ya təzyiqlərə boyun əyməli, ya da bu basqı təzyiqə məruz qalan tərəfləri daha sıx birləşdirməlidir. 100 illik ərəfəsində bu çox vacibdir, özəlliklə Ankaranın bu xofu üzərindən atması və prosesləri soyuq başla dəyərləndirərək, atılacaq addımları Azərbaycanla düzgün koordinasiya etməsi üçün...

Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR